Volodimir Zelenski-Ukraynanın Rusiyanın üç tələbinə mümkün çıxış yolu var, Putin ultimatumları dayandırmalı və dialoqa başlamalıdır
Ukraynanın Rusiyanın üç tələbinə mümkün çıxış yolu var, Putin ultimatumları dayandırmalı və dialoqa başlamalıdır – bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “ABC” teleşirkətinə müsahibəsində müxbirin sualına cavab olaraq bildirib.
Jurnalist Zelenskiyə Rusiyanın Ukraynanın NATO-ya üzv olmaqdan imtina etməsini, Luqansk və Donetsk vilayətlərinin müstəqilliyinin və Krımın Rusiyanın bir hissəsi kimi tanınmasını əhatələyən tələblərini sadalayıb, buna cavab olaraq Zelenski bildirib ki, Ukrayna ultimatumlarla razılaşmayacaq,lakin Kiyevin hər üç məsələ ilə bağlı çıxış yolu var.
“Bu növbəti ultimatumdur. Biz ultimatumla razılaşmağa hazır deyilik, lakin Kremlin üç tələbinə cavab olaraq mümkün həll yolumuz var. Mühüm olan Putinin tələbləri dayandırması və dialoqa başlamasıdır. Zənnimcə hazırda Putin özünün informasiya vakumuna düşüb. O, reallığa uyğun gəlməyən məlumat alır” – deyə Zelenski bildirib.
“ABC” telekanalının məlumatına görə, Zelenski müsahibəsində Qərbin ona Ukraynadan təhlükəsiz çıxış təklif etdiyini, lakin o, son dəqiqəyə qədər vətənində qalmaq niyyətində olduğunu təsdiqləyib.
Zelenski Ukraynanın Rusiya qüvvələrinin hücumuna nə qədər dözəcəyini bilmədiyini də söyləyib.
“Bir ukraynalı əsgərə 10 rus hərbçisi, bir Ukrayna tankına 50 rus tankı düşür, lakin biz onları məhv edirik və bu fərq azalır. İndi nə vaxta qədər dözə biləcəyimizlə bağlı sual səslənir. Çox şey təkcə bizdən asılı deyil. Bütün şəhərlərimizi işğal etsələr belə partizan müharibəsi olacaq və heç kim Ukraynanın müstəqilliyindən əl çəkməyəcək. Bu gün müharibə Ukraynadadır, sabah Litvada, sonra Polşada və Almaniyada olacaq. Bu ciddidir. ABŞ çox uzaqdadır, lakin son günlər onun Ukraynaya daha yaxın olduğunu hiss edirəm” -deyə Zelenski qeyd edib.
Müsahibə zamanı Zelenski bir daha Rusiya prezidentini Ukraynadakı müharibəni dayandırmağa çağırıb.
“Putinin özünün başlatdığı bu müharibəni sonlandırmaq imkanı var. Müharibəni özünün başlatmadığını düşünsə belə, bir vacib şeyi bilməlidir – müharibəni dayandıra bilər. Mən bir sıra Qərb liderlərinə müraciət etdim və onlara dedim ki, bu müharibə dünya müharibəsinə çevriləcək, ona görə də indi dayandırılmalıdır” – deyə Zelenski bildirib.