Volodimir Zelenski Rusiyanın Ukraynaya zərbələri fonunda Donald Trampı “Qrem qanununu” işə salmağa, Avropa İttifaqını isə Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə çağırıb
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukrayna regionlarına zərbələri fonunda Donald Trampı “Qrem qanununu” işə salmağa, Avropa İttifaqını isə Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə çağırıb.
“Əgər ruslar daha amansız zərbələr endirmək qərarına gəlsələr, dünya müharibənin yayılmasının qarşısını almaq üçün daha sərt cavab tədbirləri seçməlidir”, – deyə Zelenski qeyd edir.
Zelenskinin sözlərinə görə, Ukrayna Donald Trampdan “Rusiyaya və onun müharibəsini maliyyələşdirən bütün tərəflərə qarşı Lindsi Qrem qanununu” işə salmağı xahiş edir.
“Biz prezidentlər Antonio Koşta və Ursula fon der Laiendən əlavə Avropa sanksiyalarının tətbiq edilməsini xahiş edirik. Rusiya müharibəni dayandırana qədər bütün liderlərdən rusiyalı oliqarxları mövcud sanksiya siyahılarından çıxarmamağı və terroristlərlə hər növ ticarəti məhdudlaşdırmağı xahiş edirik”, – deyə Ukrayna prezidenti sosial şəbəkədə yazır.
Onun bildirdiyinə görə, təkcə son gecə ərzində Rusiya tərəfinin həyata keçirdiyi hücum nəticəsində Kiyev, Zaporojye, eləcə də Odessa, Sumı və Xarkov vilayətlərində 14 nəfər yaralanıb, Zaporojyedə isə iki nəfər həlak olub. Mülki infrastruktur da zərər görüb: Kiyevdə uşaq bağçası, Kiyev vilayətində litsey, Xarkovda universitet, həmçinin Poltava, Nikolayev və Vinitsa vilayətlərində enerji obyektləri zədələnib.