Volodimir Zelenski – Mən Co Baydendən Ukraynaya müdafiə yardımının sürətli və güclü olacağına dair söz almışam
Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ prezidenti Co Bayden arasında telefon danışığı baş tutub. Ukrayna mediasının yazdığı üzrə, bu barədə Ukrayna prezidenti “Telegram” kanalında məlumat yayıb.
Zelenskinin sözlərinə görə, ABŞ prezidenti Senatın Ukraynaya hərbi dəstəyi təsdiqlədiyi təqdirdə, dərhal sənədi imzalayacağını bildirib.
“Mən Co Baydenə Ukraynaya göstərdiyi sarsılmaz dəstəyə, eləcə də qlobal liderliyinə görə təşəkkür edirəm. Mən Co Baydendən söz aldım ki, Ukraynaya müdafiə yardımı sürətli və güclü olacaq və bu, Ukraynanın zenit müdafiəsini, uzaq mənzilli silah və artilleriya imkanlarını gücləndirəcək”, – deyə Ukrayna prezidenti bildirib.
Onun sözlərinə görə, Baydenlə söhbətində o, Rusiya tərəfindən hava terrorunun davam etdirilməsinə diqqət çəkib. Xüsusilə Rusiyanın Xarkov teleqülləsinə həyata keçirdiyi hücumu haqqında.
Liderlər həmçinin, Ukrayna ilə ABŞ arasında ikitərəfli təhlükəsizlik sazişinin imzalanması və sülh sammitinə hazırlıqla bağlı məsələləri müzakirə ediblər.