Volodimir Zelenski – Kiyev-Peçersk Lavrasında Müqəddəs Məryəmin Yuxuya Getməsi Katedralında yanğın baş verib, bu, Rusiyanın xristian mədəniyyətinə qarşı törətdiyi ən ciddi cinayətlərdən biridir
Rusiya zərbəsi nəticəsində Kiyev-Peçersk Lavrasında Müqəddəs Məryəmin Yuxuya Getməsi kilsəsində yanğın baş verib. Bu, Rusiyanın xristian mədəniyyətinə qarşı törətdiyi ən ciddi cinayətlərdən biridir – deyə Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkədə yazıb.
Zelenskinin sözlərinə görə, Kiyev və Xarkov da daxil olmaqla Rusiyanın genişmiqyaslı hücumlarının nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam edir.
Prezident bildirib ki, yalnız paytaxt istiqamətinə Rusiya 60-dan çox raket atıb, ümumilikdə isə Ukraynaya qarşı 70 raket və 611 dron istifadə olunub.
“Paytaxtda 28 nəfər yaralanıb, 4 nəfər həlak olub. Onların ailələrinə və yaxınlarına başsağlığı verirəm. Kiyev-Peçersk Lavrasına edilən zərbə nəticəsində XI əsrdən tarixi olan kilsənin damında yanğın baş verib. Bu, Rusiyanın bu günə qədər xristian mədəniyyətinə qarşı törətdiyi ən ciddi cinayətlərdən biridir”, – Zelenski yazıb.
Ukrayna prezidentinin sözlərinə görə, Dövlət Fövqəladə Hallar Xidməti kilsənin damındakı yanğını söndürüb.
Zelenski həmçinin Xarkova hücumdan danışaraq bildirib ki, Rusiya təkrar zərbə ilə hücumdan sonra sənaye obyektində yanğını söndürməyə çalışan xilasediciləri də hədəf alıb. Onun sözlərinə görə, Xarkovda 5 nəfər ölüb, 9 nəfər yaralanıb.
Eyni zamanda, prezident bildirib ki, Dneprdə Rusiya dəmiryol vağzalı ərazisinə, bir kollecə və bir neçə müəssisəyə zərbə endirib. O, bu hücumların Rusiyanın müharibəni davam etdirmək niyyətini göstərdiyini deyib.
“Çox vacibdir ki, hazırda sammit üçün toplaşan G7 ölkələrinin liderləri buna cavab versin. Bu cavab qəti və əsaslı olmalıdır: təcavüzkara daha çox təzyiq və Ukraynanın hava hücumundan müdafiəsinə, xüsusilə ballistik təhdidlərə qarşı daha çox dəstək”, – Zelenski yazıb.