Volodimir Zelenski – biz heç vaxt nüvə silahı hazırlamağı planlaşdırdığımızı demədik, Budapeşt memorandumu Ukraynanın nüvə silahından imtina edəcəyini bildirdi

10:00, 18.10.2024

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın nüvə silahı yaratmaq planları ilə bağlı məlumatları təkzib edib. Zelenski bu barədə Brüsseldə NATO-nun baş katibi Mark Rutte ilə birgə mətbuat konfransında bildirib.

“Biz heç vaxt nüvə silahı yaratmağı planlaşdırdığımızı deməmişik. Mən dedim ki, Budapeşt Memorandumu imzalananda bildirilirdi ki, Ukrayna nüvə silahından imtina edəcək və bunun müqabilində onu imzalayan ölkələrdən təhlükəsizlik, ərazi bütövlüyü və suverenlik zəmanəti alacaq. Bu o deməkdir ki, biz nüvə silahından əl çəkdik və o zaman tərəfdaş olan bu insanlar bizə təhlükəsizlik zəmanəti verməyə borclu idilər”. – deyə Volodimir Zelenski bildirib.

Ukrayna prezidentinin sözlərinə görə, Budapeşt memorandumu Ukraynanı Rusiyanın hərbi təcavüzündən qoruya bilmədi, ona görə də o, NATO-ya arxalanır.

Digər tərəfdən, NATO-nun baş katibi Mark Rutte qeyd edib ki, media faktları təhrif etməməlidir. Ruttenin sözlərinə görə, Ukrayna NATO-da olmalıdır və tərəfdaşlar qələbə üçün lazım olan hər şeyi edəcəklər.

Məlumat üçün bildirək ki, Almaniyanın “Bild” nəşri Ukraynanın yüksək rütbəli məmurlarına əsaslanaraq yazıb ki, Ukrayna nüvə silahı yaratmaq üçün material və biliyə malikdir: “Bizim materialımız və biliyimiz var. Göstəriş olarsa, ilk bombanı yaratmaq üçün bizə cəmi bir neçə həftə lazım olacaq”.

Oxşar