Volodimir Zelenski bildirir ki, Kanada və Ukrayna mühüm hava hücumundan müdafiə paketi barədə razılığa gəliblər
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Kanada və Ukrayna mühüm hava hücumundan müdafiə paketi barədə razılığa gəliblər.
Zelenski Kanada və Baş nazir Mark Karniyə Ukraynaya verdiyi dəstəyə görə təşəkkür edib.
Ukrayna prezidentinin sözlərinə görə, Ukrayna sülh istəyir, lakin buna nail olmaq üçün ölkə güclü mövqeyini qoruyub saxlamalıdır.
“Biz, əlbəttə ki, sülh istəyirik. Sülhə nail olmaq üçün danışıqlar lazımdır. Bu gün mütləq gələcək. Ölkəmiz üçün güclü və uzunmüddətli sülh əldə etmək üçün biz güclü olmalı və zəifləməməliyik. Bu, həyatımız üçün mühüm qərardır. Bu, hava hücumundan müdafiə sahəsində çox vacib bir paketdir. Bu, həlledicidir, çünki dünyada hava hücumundan müdafiə sistemlərinin böyük qıtlığı var. Buna görə minnətdarıq”, – deyə Zelenski qeyd edib.
Onun sözlərinə görə, Ukrayna Kanada ilə birlikdə qışa hazırlıq və energetika məsələləri üzərində də işləyəcək.
“Qışdan öncə və bütün qış ərzində energetika ilə bağlı qərarlarımız xüsusilə vacib olacaq. Energetika sahəsində göstərilən dəstəyə görə minnətdarıq”, – Zelenski bildirib.
Karni öz növbəsində qeyd edib ki, Kanada Ukraynanı dəstəkləməyə davam edir və davam edəcək.
“Bu qanunsuz, əsassız və barbar müharibə dövründə Ukraynaya 26 milyard dollar məbləğində dəstək vermişik. Bu hava hücumundan müdafiə sistemləri və dronlardan tutmuş, təlimlər və digər istiqamətlərdə hərbi yardımları əhatə edir. Biz həmçinin humanitar yardım göstərir və Ukraynanın enerji sistemini dəstəkləyirik”, – deyə Kanadanın Baş naziri bildirib.