Vladimir Putin Monqolustanın Prezidentini 2024-cü ilin oktyabrında keçiriləcək "BRİCS" sammitinə dəvət edib
Vladimir Putin Monqolustanın Prezidentini 2024-cü ilin oktyabrında keçiriləcək "BRİCS" sammitinə dəvət edib

 
Rusiyanın Prezidenti Vladimir Putin Monqolustanın Prezidenti Uxnaqiin Xurelsuxu 2024-cü ilin oktyabrında Kazanda keçiriləcək “BRİCS” sammitinə dəvət edib.

“Mən sizi bu il “BRİCS” sammitinin keçiriləcəyi Rusiyanın Kazan şəhərinə dəvət etmək istərdim. Bu, təşkilatın genişlənməsindən sonra belə səviyyəli ilk tədbir olacaq. Ümid edirəm ki, BRICS+ formatında iştirak edəcəksiniz. Sizi gözləyirik” – Putin monqol həmkarı ilə Ulan-Batorda aparılan danışıqların əvvəlində bildirib.

Bununla yanaşı, Putin Uxnaqiin Xurelsuxa Rusiya və Monqolustan arasında müxtəlif sahələrdə, xüsusən də iqtisadi sahədə əməkdaşlığı müzakirə etməyi təklif edib.

Rusiyanın Prezidenti rəsmi səfər çərçivəsində Monqolustandadır. Vladimir Putinin səfəri iki gün davam edəcək. Rusiyanın Prezidentinin Monqolustana sonuncu səfəri 2019-cu ildə baş tutub.

Məlumat üçün bildirək ki, Beynəlxalq Cinayət Məhkəməsi 2023-cü ilin martında Putin barəsində həbs orderi verdikdən sonra bu, Rusiya Prezidentinin bu məhkəmənin üzvü olan ölkəyə ilk səfəridir. Medianın məlumatında, Monqolustan hakimiyyətinin Putini onu həbs etməyəcəklərinə inandırdığı deyilir.