Vladimir Putin Monqolustana rəsmi səfər edib
Vladimir Putin Monqolustana rəsmi səfər edib

Rusiya prezidenti Vladimir Putin Monqolustana rəsmi səfər edib. Rusiyanın “İtar-Tas” dövlət agentliyinin verdiyi məlumata əsasən, Rusiya liderinin təyyarəsi Ulan-Bator hava limanına enib. Rusiya prezidentinin səfəri iki gün davam edəcək. Sentyabrın 3-də Monqolustanın lideri Uxnaqiyn Xurelsuxla da daxil olmaqla ikitərəfli görüşlər planlaşdırılıb.

Rusiya dövlət başçısını təyyarənin qapısında Monqolustan rəhbərliyinin nümayəndələri qarşılayıblar.

Məlumat üçün bildirək ki, Beynəlxalq Cinayət Məhkəməsi 2023-cü ilin martında Putin haqqında həbs qərarı çıxardığından bu, Rusiya prezidentinin bu məhkəmənin üzvü olan ölkəyə ilk səfəridir. Medianın məlumatına görə, Monqolustan hakimiyyəti Putini həbs etməyəcəyinə əmin edib.

Bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi Monqolustanı Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutundan irəli gələn öhdəliklərini yerinə yetirməyə və Putini həbs etməyə çağırıb.

Bu gün Avropa İttifaqı Monqolustan hakimiyyətinə Putinin səfəri ilə bağlı mövqeyini rəsmən tanıdıb və Monqolustanın Beynəlxalq Cinayət Məhkəməsinin orderinə müvafiq olaraq Putini həbs etməyə məcbur olduğunu xatırladıb.