Vladimir Putin – Avropa qoşunlarının Ukraynaya daxil olması Rusiya ilə müharibə deməkdir
Avropa qoşunlarının Ukraynaya daxil olması Rusiya ilə müharibə deməkdir, – bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.
Rusiya Prezidentinin sözlərinə görə, avropa xalqı dərk edir ki, onların liderləri ölkələrini münaqişəyə doğru sürükləyirlər və bu da „Almaniya üçün Alternativ“ partiyasının Almaniyadakı seçkilərdə əldə etdiyi son nəticələrini izah edir.
Putinin bildirdiyinə görə, Qərb ölkələri Qafqazda separatizmi birbaşa dəstəkləyib və Ukraynanın hazırkı böhranını təhrik ediblər.
Rusiya prezidentinin sözlərinə görə, Moskva NATO-nun şərqə doğru genişlənməsinin qəbulolunmaz olduğunu dəfələrlə bəyan edib. Putin vurğulayıb ki, Rusiya avropalıları təhdid etmir və bunu etmək niyyətində də deyil.
“İndi onlar deyirlər ki, Ukraynaya qoşun göndərmək məsələsini nəzərdən keçirirlər. Bu, Rusiya ilə müharibə deməkdir. Mən hesab edirəm ki, Avropada baş verən hər şey sözdə Qərbin, yəni qərbli qlobalistlərin siyasətində, təhlükəsizliyində və iqtisadiyyatında buraxdıqları sistemli səhvlərin nəticəsidir. Soyuq müharibənin başa çatmasından və Sovet İttifaqının dağılmasından sonra onlarda Olimp zirvəsində olmaq hissi yaranmışdı. Görünür, hər şeyi edə biləcəklərinə və heç vaxt səhv buraxmayan tərəf olduqlarına inanırdılar. Bu səhvlər bir qar topu kimi böyüyərək toplandı. Rejim dəyişikliyindən dərhal sonra — təkrar edirəm, qanlı dövlət çevrilişi yolu ilə — onlar dərhal Ukraynanın NATO-ya üzv olmasını hədəf seçdilər. Bu, nəticədə Ukraynadakı bugünkü faciəvi hadisələrin əsas səbəbinə çevrildi”, – Vladimir Putin qeyd edib.