Viola fon Kramon - biz Ukraynaya qarşı böyük həmrəylik görürük, lakin Gürcüstan məsələsində biz müvafiq addımlar atmadıq, əsas səhv bu idi
Gürcüstanın hazırkı vəziyyəti bizə xatırladır ki, Rusiya Gürcüstan ərazilərini işğal etdikdən sonra müvafiq addımlar atılmaması böyük səhv idi – bu haqda, Avropa Parlamentinin deputatı Viola fon Kramon, “Putinizmə qalib gəlmək” adlı Tbilisi beynəlxalq konfransının iştirakçıları ilə birlikdə olduğu Odzisi kəndində, işğal xətti yaxınlığında deyib..
“İlk dəfə deyil ki, biz buradayıq. Mən əvvəllər, hətta Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından əvvəl də dəfələrlə inzibati bölgü xəttində olmuşam, lakin bu gün həmrəylik nümayiş etdirmək və nə baş verdiyini görmək daha vacibdir. Açığı, bu, bizi məyus edir, çünki biz görürük ki, indiyədək bütün beynəlxalq danışıqlar sıfır nəticə verib. Biz başa düşürük ki, vəziyyət yaxşılığa doğru dəyişmir. Baxmayaraq ki, Tbilisidəki siyasi inkişaf Rusiya ilə yaxınlaşmaq cəhdindən xəbər verir, burada, işğal xəttində vəziyyət dəyişmir. Gürcüstanın ərazi bütövlüyü bizim üçün Avropa Parlamentində və Avropa İttifaqının İnstitutlarında prioritet məsələdir. Gürcüstanın indiki durumu bizə xatırladır ki, Rusiya Gürcüstanın ərazilərini işğal etdikdən sonra müvafiq addımların atılmaması böyük səhv idi. Biz Ukraynaya qarşı böyük həmrəylik görürük, lakin Gürcüstan məsələsində Ukraynadan fərqli olaraq, müvafiq addımlar atmamışıq. Deməli, bu, əsas səhv idi”, – deyə Viola fon Kramon bildirib.
“Putinizmə qalib gəlmək” mövzusunda Tbilisi beynəlxalq konfransının iştirakçıları işğal xəttinə yaxın olan Odzisi kəndində olub, qanunsuz sərhədləşmə prosesi ilə yerində tanış olublar. Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndələri qonaqlara işğal xəttindəki vəziyyət barədə məlumat veriblər. İki günlük beynəlxalq konfrans sabah Tbilisidə başlayır. Konfransa Makkeyn Beynəlxalq Liderlik İnstitutu, Corc Buş İnstitutu və İqtisadi Siyasət Araşdırmaları Mərkəzi ev sahibliyi edir. Burada Avropa və Amerika siyasətçiləri və diplomatları iştirak edir.