Viktor Orban, 2008-ci ildə Ukrayna və Gürcüstanın Avropa İttifaqı və NATO-ya daxil olmasının mümkün olduğunu, lakin bu şansı əldən verdiklərini bildirir
Macarıstanın Baş naziri Viktor Orban, 2008-ci ildə Ukrayna və Gürcüstanın Avropa İttifaqı və NATO-ya daxil olmasının mümkün olduğunu, lakin bu şansı əldən verdiklərini bildirir. Orban qeyd edib ki, bundan sonra Rusiya güclənib və indi bu prosesə daha imkan verməyəcək.
“Ukrayna və Gürcüstanın üzvlük danışıqlarını uğurla başa çatdırmağa müvəffəq ola bilmədik, bununla da Ukraynanın gələcək Avropa İttifaqı və NATO üzvü kimi perspektivini itirdik”- Orban açıqlayıb.
Bununla yanaşı, Viktor Orban bildirir ki, Ukrayna Rusiya ilə Qərb arasında müəyyən təhlükəsizlik zəmanətləri ilə təmin olunacaq “bufer zonası” olaraq qalmalıdır , lakin Avropa İttifaqı və NATO-nun üzvü olmayacaq.
“Xoşunuza gəlsə də, gəlməsə də, ukraynalılar bəyənsə də, bəyənməsə də, Ukrayna xəritədə olduğu yerdədir. Ən yaxşı perspektiv onun Rusiya ilə Qərb arasında bufer zonası olmasıdır – əlbəttə ki, təhlükəsizlik zəmanəti ilə. Bu kömək etməyəcək, Ukrayna ərazilərini itirəcək. Rusiya Ukraynanı dönə-dönə məhv edəcək. Rusiya öz sərhədlərində Ukrayna timsalında Avropa İttifaqı və NATO üzvünün ortaya çıxması ilə heç vaxt barışmayacaq”- Orban qeyd edib.
Macarıstanın Baş naziri, Rusiya-Ukrayna müharibəsinin 2024-cü ildə bitməyəcəyini və ən azı atəşkəsi təmin etməyin və vəziyyəti danışıqların gedə biləcəyi mərhələyə çatdırmağın lazım olduğunu düşünür.
Bundan əlavə, Orban hesab edir ki, Avropa Ukraynanı kifayət qədər silahla dəstəkləyə bilməyəcək, çünki Avropa ölkələrinin cəmiyyətlərində “bu cür yardım artıq həddindən artıq hesab olunur”.