Paytaxt meri Kaxa Kaladze və Tbilisi sakrebulosunun sədri Qiorqi Tğemaladze Vera dərəsində, Qabaşvili küçəsi 11 ünvanında yerləşən binanın yaxınlığında sürüşmüş yamacın bərkitmə işləri ilə tanış olublar. Yamacın bərkidilməsi üçün dəmir-beton dayaq divarının tikintisi aparılır.
“Bu yer təhlükə təşkil edirdi, bu layihənin həyata keçirilməsi üçün əhalinin böyük xahişi var idi və təbii ki, müvafiq işlər aparılır. Yerin altında, doqquz metr dərinlikdə dirəklər hazırlanır. Divarın eni təxminən 140 metr, hündürlüyü isə 9 metr olacaq. Sözügedən layihə başa çatdıqdan sonra Vake rayon icra hakimiyyəti tərəfindən abadlıq və yaşıllaşdırma işləri aparılacaq. Ən əsası əhalinin təhlükəsizliyidir və biz işlərin hansı miqyasda aparıldığını görürük. Yerli əhalinin üzləşdiyi təhlükə hər yolla aradan qaldırılacaq” – deyə Kaxa Kaladze bildirib.
Tbilisi Meriyasının məlumatında layihənin həyata keçirilməsinə təxminən üç milyon lari xərclənəcəyi deyilir. İşlərin 2023-cü ilin fevralında başa çatdırılması planlaşdırılır.
Paytaxt Meriyasının İnfrastrukturun İnkişafı Xidmətinin rəhbəri Qiorqi Abutidze və Vake rayonunun icra başçısı Davit Kvinikadze də ərazidə olublar.