Venesuelada zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinə ABŞ hərbçiləri də cəlb olunublar
Venesuelada baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinə ABŞ hərbçiləri də qoşulub.
Reuters agentliyinin məlumatına görə, Vaşinqton ölkəyə 900-dən çox hərbçi göndərib. Bundan əlavə, təxminən 800 hərbçi Puerto-Riko və Kurasaoda yerləşən hərbi bazalardan əməliyyatlara dəstək verir.
ABŞ-ın Cənub Komandanlığının rəhbəri, general Frensis Donovan bildirib ki, amerikalı hərbçilər axtarış-xilasetmə əməliyyatlarında iştirak edir, hava limanının fəaliyyətinin bərpasına kömək göstərir və humanitar yardımın çatdırılmasının koordinasiyasına dəstək verirlər. Həmçinin humanitar yardımın daşınması üçün hava və dəniz resursları səfərbər edilib.
Bundan əlavə, ABŞ Venesuela hava məkanında ən azı 4–5 ədəd MQ-9 Reaper tipli pilotsuz uçuş aparatı yerləşdirib. Bu dronlar yerli hakimiyyət orqanlarına dağılmış binaların və yolların vəziyyətinin qiymətləndirilməsində kömək edir.
Xatırladaq ki, ötən həftə Venesuelada 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ təxminən bir dəqiqə fasilə ilə qeydə alınıb. Təbii fəlakət nəticəsində minlərlə bina dağılıb, çox sayda insan dağıntılar altında qalıb və axtarış-xilasetmə əməliyyatları hələ də davam edir.
Son məlumatlara görə, Venesuelada baş vermiş bu iki zəlzələ nəticəsində həlak olanların sayı 2 min nəfərə yaxınlaşır.