Venesuela Milli Assambleyası qeyri-hökumət təşkilatlarının işini tənzimləyən qanun layihəsini təsdiqləyib
Venesuela Milli Assambleyası qeyri-hökumət təşkilatlarının işini tənzimləyən qanun layihəsini təsdiqləyib

Venesuela Milli Assambleyası qeyri-hökumət təşkilatlarının işini tənzimləyən qanun layihəsini yekdilliklə qəbul edib. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Qanun QHT-lərin donorlarının yerli və ya xarici olması barədə hesabat verməsini tələb edir. Lakin “Reuters”in qeyd etdiyi kimi, qanunun mətnində qeyri-hökumət təşkilatının xaricdən maliyyə alması halında nə baş verəcəyi göstərilməyib.

Qanunda həmçinin qeyd olunur ki, “faşizmi, irqi, etnik, dini, siyasi, sosial, ideoloji və ya gender dözümsüzlüyü və ya nifrətini təbliğ edən təşkilatların Venesuelada qeydiyyata alınması qadağandır”.

Müvafiq təşəbbüsü 2023-cü ildə hakim Sosialist Partiyasının vitse-prezidenti Diosdado Kablio təqdim edib. Sözügedən qanunun təsdiqindən əvvəl BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk Venesuela hakimiyyətini “ölkədə sivil və demokratik məkana xələl gətirən bu və ya digər qanunu” qəbul etməməyə çağırıb.

Xatırladaq ki, Venesuela Mərkəzi Seçki Komissiyası iyulun 28-də ölkədə etiraz aksiyaları ilə müşayiət olunan prezident seçkilərinin hazırkı prezidenti Nikolas Maduronu qalib elan edib. Müxalifətin dərc etdiyi səslərin hesablanmasının nəticələrinə görə, seçkidə müxalifətin namizədi Edmundo Qonzales qalib gəlib.

Prezident seçkilərindən sonra qeyri-hökumət təşkilatları və BMT ölkədə hakimiyyət rəqiblərinə qarşı repressiyalardan narahat olduqlarını bildiriblər.