Vasil Mağlaperidze - 2021-ci ilin göstəricilərinə əsasən hər bir vətəndaşın İctimai Yayımçıya ödədiyi məbləğ ayda 1 lari və 30 qəpik təşkil edir
2021-ci ilin göstəricilərinə əsasən hər bir vətəndaşın İctimai Yayımçıya ödədiyi məbləğ ayda 1 lari və 30 qəpik təşkil edir-bu barədə İctimai Yayımçının Qəyyumlar Şurasının sədri Vasil Mağlaperidze parlamentdə 2021-ci ilin hesabatını təqdim edərkən açıqlayıb.
Vasil Mağlaperidze bu göstəricinin İctimai Yayımçının illik büdcəsinin adambaşına yenidən hesablanması nəticəsində əldə edildiyini bildirib. O, Avropa Yayım İttifaqı (EBU) tərəfindən müxtəlif ölkələrin ictimai yayımçılarının maliyyələşməsini müqayisə etmək üçün sözügedən yanaşmadan istifadə olunduğunu bildirib.
“56 ölkənin birləşdiyi Avropa Yayım İttifaqı müxtəlif ölkələrin maliyyələşməsini müqayisə etmək üçün ictimai yayımçıların illik büdcəsini adambaşına yenidən hesablama yanaşmasından istifadə edir. Bu bizim irəlilədiyimiz Avropadır. Bu yanaşma ilə, onların ölçdüyü kimi, Gürcüstanda 2021-ci ilin göstəricilərinə əsasən hər bir vətəndaşın İctimai Yayımçıya ödədiyi məbləğ ayda 1 lari və 30 qəpik təşkil edir, bu Avropa Yayım İttifaqının təqdim etdiyi təhlilə əsasən kritik həddən aşağı olan mübahisəsiz rəqəmdir” – deyə Vasil Mağlaperidze bildirib.
Vasil Mağlaperidze həmçinin deputatlara Avropa Yayım İttifaqının hesabatından sitat gətirib: “Qafqaz ölkələrində (Gürcüstan, Ermənistan və Azərbaycan), eləcə də Moldova, Mərakeş və Ukraynada vəziyyət narahatedicidir. Digər ölkələrdə yayımçıların gəliri hər bir vətəndaşdan orta hesabla ayda 6 avro olduğu halda, məsələn, Moldovada son məlumatlara görə, adambaşına 2 avro düşür. Ukraynada kritik göstəricilər qeydə alınır, ölkədə 2019-cu ilin göstəricilərinə əsasən, yayımçının gəliri adambaşına 1 avroya bərabərdir”.
“Müvafiq olaraq, Avropa Yayım İttifaqının təqdim etdiyi vergi metodologiyasına, onların təqdim etdiyi rəsmi müqayisə statistikasına və qiymətləndirməyə istinad edərsək, Gürcüstanda adambaşına ayda ödənilən 1 lari 30 qəpiyi kritik həddən də aşağı qiymətləndirə bilərik.
İctimai Yayımçının cavab verəni deyiləm. Mən sizə cavab verdim, lakin Gürcüstanda İctimai Yayımçının olması məndən əvvəl müəyyən edilib və əminəm ki, məndən sonra da davam edəcək və olmalıdır, çünki bu, Avropa qurumudur. Belə qərar verilib və velosipedi yenidən ixtira etmək istəmirik. Maliyyə məsələsi başqa məsələdir, məsələnin nə yerdə olduğunu deyəcəyəm – tez-tez “BBC və Fransa televiziyasının adını çəkirəm. Xərclərimizin 80 faizi onlarınki ilə eynidir, çünki biz bütün texniki avadanlıqları – telefon, kamera və s.-ni avro ilə satın alırıq” -deyə Vasil Mağlaperidze bildirib.
Bununla yanaşı, Vasil Mağlaperidze 2020-ci ilin göstəricilərilə Avropa Yayım İttifaqına üzv olan digər yayımçıların ÜDM-in orta hesabla 0,16 faizini əldə etməsi halında, Gürcüstanın İctimai Yayımçısının 0,12 faiz aldığını bildirib.