Vaxtanq Qomelauri Macarıstanın daxili işlər naziri Şandor Pinter ilə görüşüb
Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri Macarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin daxili işlər naziri Şandor Pinter ilə görüşüb.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən görüşdə Gürcüstanın daxili işlər nazirinin birinci müavini Şalva Bedoidze və Gürcüstanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Tamar Liluaşvili də iştirak ediblər.
“Görüşdə tərəflər iki ölkənin hüquq-mühafizə orqanları arasında ikitərəfli əməkdaşlıqdan danışıblar.
Görüş çərçivəsində Gürcüstan və Macarıstan hökumətləri arasında hüquq mühafizəsi sahəsində mövcud ikitərəfli sazişlərin əhəmiyyəti və onların effektiv həyata keçirilməsi məqsədilə gələcək əməkdaşlığın perspektivləri vurğulanıb.
Tərəflər həmçinin qurumlar arasında təcrübə mübadiləsi üçün müvafiq tədbirlərin həyata keçirilməsinə hazır olduqlarını bildiriblər.
Vaxtanq Qomelauri macar həmkarına nazirlikdə cari və həyata keçirilən islahatlar barədə ətraflı məlumat verib.
Görüşün sonunda Vaxtanq Qomelauri qonaqpərvərliyə görə Macarıstanın daxili işlər nazirinə təşəkkür edib və tərəflər arasında müxtəlif istiqamətlərdə intensiv əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirib”- deyə DİN-in məlumatında deyilir.