Vaxtanq Qomelauri Qudauri yaxınlığında xilasetmə əməliyyatı zamanı faciəvi şəkildə həlak olanların xatirəsini ehtiramla yad edib
Daxili işlər naziri Vaxtanq Qomelauri səhiyyə naziri Zurab Azaraşvili ilə birlikdə 2022-ci ildə Qudauri yaxınlığında baş vermiş faciə yerində olub.
Daxili İşlər Nazirliyinin məlumatına görə, nazir faciəvi qəza zamanı həlak olan pilotların, xilasedicilərin və həkimlərin xatirəsini ehtiramla yad edib.
Mərhumların ruhunun yad edildiyi kilsədə daxili işlər nazirinin müavinləri, nazirliyin müxtəlif qurumlarının rəhbərləri, Səhiyyə Nazirliyinin nümayəndələri, yanğınsöndürənlər və sərhəd polisinin pilotları da iştirak ediblər.
Faciəli hadisə 2022-ci ilin iyulun 29-da Qudauri yaxınlığında baş verib. Xilasetmə əməliyyatı zamanı sərhəd polisinin helikopteri qəzaya uğrayıb, nəticədə göyərtəsində olan 8 nəfər – Daxili İşlər Nazirliyinin sərhəd polisinin pilotları, fövqəladə halların idarəedilməsi xidmətinin xilasediciləri və həkimlər həlak olub. Xidməti vəzifələrini yerinə yetirərkən həlak olan pilotlar və xilasedicilər hərbi qaydada dəfn ediliblər.
Daxili işlər nazirinin qərarına əsasən, faciə zamanı həlak olan dörd pilot və iki xilasedici nazirliyin birinci dərəcəli – “Xüsusi xidmətə görə” medalı ilə təltif edilib.