Vake parkı işi üzrə meriyanın ətraf mühitin mühafizəsi xidmətinin keçmiş rəhbəri Qiqa Qiqaşvili 3 il, ekspert Vaxtanq Londaridze isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Tbilisi Şəhər Məhkəməsi Vake parkında baş vermiş faciə işi üzrə təqsirləndirilən Tbilisi Meriyasının Ətraf Mühitin Mühafizəsi üzrə Şəhər Xidmətinin keçmiş rəhbəri Qiqa Qiqaşvilini üç il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə Qiqa Qiqaşvilini vəzifəsinə yönəlik laqeydlikdə təqsirli bilib.
Eyni iş üzrə saxlanılmış daha bir şəxs, ekspert, tikinti-dizayn mütəxəssisi Vaxtanq Londaridze 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, saxta ekspertiza rəyi hazırlamaqda və ondan istifadə etməkdə ittiham olunur.
Hakim hüquqi şəxslər, o cümlədən “Greenserve Plus” tərəfindən qanun pozuntularını da aşkar edərək büdcənin xeyrinə cərimə təyin edib.
2022-ci ilin oktyabrın 13-də uşaqlar Vake parkında oynayarkən top fəvvarəyə düşüb, onu götürərkən üç azyaşlını elektrik cərəyanı vurub. Yeniyetmələrdən biri, 13 yaşlı qız Marita Meparişvili klinikada dünyasını dəyişib, iki yeniyetmə isə yaralanıb. Vake parkında baş vermiş hadisə ilə bağlı prokurorluq 9 nəfər barəsində vəzifəyə yönəlik laqeydlik, müəssisədə törədilmiş laqeydlik, işlərin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması, bununla da insan tələfatına səbəb olma, saxta rəsmi sənəd hazırlamaq, hazırlamağa təşviq etmək və işə keçirmək faktları üzrə ittiham irəli sürüb.