Vahid Milli İmtahanlar başladı. Abituriyentlər bu gün gürcü dili və ədəbiyyatından imtahan verəcəklər. Milli imtahanlar iyulun 26-da fizika imtahanı ilə başa çatacaq.
Milli İmtahan Mərkəzinin məlumatında 45 mindən çox abituriyentin Vahid Milli İmtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçdiyi deyilir. Bu il bütün Gürcüstan miqyasında ümumilikdə 24 imtahan mərkəzi açılıb.
Mərkəzlər Tbilisi, Batumi, Zuqdidi, Kutaisi, Poti, Axaltsixe, Qori, Ozurqeti, Rustavi, Telavi və Xuloda fəaliyyət göstərəcək. Bu il ilk dəfə olaraq Ambrolauridə də imtahan mərkəzi açılacaq.
Milli Qiymətləndirmə və İmtahan Mərkəzi Tbilisidəki imtahan mərkəzlərinə getmək üçün standart tariflə əlavə ictimai nəqliyyat ayrıldığına dair məlumat yayır. İmtahan günlərində əlavə ictimai nəqliyyat imtahan müddəti ərzində səhər saat 06:00-dan axşam 20:00-dək fəaliyyət göstərəcək.
“Bütün mərkəzlər soyutma sistemi və lazımi infrastrukturla təchiz olunub. İmtahan mərkəzlərinin yaxınlığına təcili tibbi yardım, xilasetmə xidməti və patrul polisi səfərbər olunub.
Abituriyentlər üçün artıq bu il imtahanlarla bağlı kovid tənzimləmələr tətbiq olunmur. Digər yoluxucu xəstəlikləri olan şəxslər kimi, kovidə yoluxmuş abituriyentlər mərkəzin (995 32) 2 47 33 33 nömrəli qaynar xətti ilə əlaqə saxlamalı və imtahan başlayanadək eyni sessiyada xüsusi təşkil olunmuş imtahan sektorunda imtahan keçirilməsi üçün müvafiq tibbi sənədləri Milli Qiymətləndirmə və İmtahan Mərkəzinə (ünvan: E. Mindeli N 9) təqdim etməlidirlər”-deyə Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin məlumatında qeyd olunur.