Ursula von der Leyen Rumıniyada pilotsuz uçuş aparatının partlamasına reaksiya verib – Avropa İttifaqının reaksiyası vəziyyətin ciddiliyinə uyğun olmalıdır
Ursula von der Leyen Rumıniyanın Konstanta limanında pilotsuz uçuş aparatının partlamasından sonra Rumıniyaya həmrəylik ifadə edib.
Onun sözlərinə görə, bu hadisə Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin birbaşa nəticəsidir.
“Bu, getdikcə Avropanın şərq sərhədindəki ölkələr üçün daha birbaşa təhlükəyə çevrilir. Təhlükə ilə üzləşən bütün üzv dövlətlərə tam və şərtsiz həmrəyliyimizi bildiririk”, – deyə Ursula von der Leyen qeyd edib.
Avropa Komissiyasının prezidenti həmçinin bildirib ki, Avropa İttifaqının reaksiyası vəziyyətin ciddiliyinə uyğun olmalıdır. Onun sözlərinə görə, Avropa dron əleyhinə sistemlərə, hava müdafiəsinə və erkən xəbərdarlıq mexanizmlərinə əhəmiyyətli investisiyalar yatırır.
Xatırladılır ki, Rumıniyanın Konstanta limanında dron partlayışı baş verib və hadisədən sonra liman ərazisi təcili təxliyə edilib.