Ursula fon der Laiyen - Gürcüstanın Avropa perspektivini tanıdıq, öz institutlarında islahatlar aparmaq və birliyimizə doğru irəliləmək əlbəttə ki, namizəd ölkələrdən asılıdır
Gürcüstanın Avropa perspektivini tanıdıq, öz iqtisadiyyatlarında və institutlarında islahatlar aparmaq və bizim birliyə doğru irəliləmək əlbəttə ki, namizəd ölkələrdən asılıdır. Bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Laiyen Brüsseldə səfirlərin görüşündə çıxışı zamanı bildirib.
Ursula fon der Laiyen Avropa Birliyinə üzv olmaq istəyən ölkələrə diqqət çəkərək, onlara hər cür dəstək vermənin Avropa İttifaqının vəzifəsi olduğunu qeyd edib.
“Ukrayna və Moldova indi bizim ittifaqımıza daxil olmağa namizəddirlər. Biz Gürcüstanın Avropa perspektivini də tanıdıq. Dəyişiklik küləyi 1970-ci illərdə İspaniya, Portuqaliya və Yunanıstanın demokratiyanı seçdikləri və ya azadlıq döyüşçülərinin Berlin Divarını yıxdığı zaman olduğu kimi, yenidən Avropada əsdi.Öz iqtisadiyyatlarında və institutlarında islahatlar aparmaq və bizim birliyə doğru irəliləmək əlbəttə ki, namizəd ölkələrdən asılıdır, lakin onlara hər cür dəstək vermək bizim borcumuzdur. Bu, Avropanın anıdır. Bu məqamdan istifadə etmək bizim ixtiyarımızdadır”- deyə Avropa Komissiyasının prezidenti bildirib.
Ursula fon der Laiyen qeyd edib ki, həm Aİ, həm də ona qonşu olan ölkələr Rusiyanın təcavüzü, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi və açıq cəmiyyətlərə qarşı təhdidlər kimi ümumi problemlərlə üzləşirlər. O , Avropa İttifaqının bütün tərəfdaşlarla, o cümlədən birliyə qoşulmaq istəməyənlərlə birgə işləməli olduğunu açıqlayıb.
Avropa Komissiyasının prezidenti Ukraynadakı müharibəni və Ukraynanın dörd bölgəsinin Kreml tərəfindən qanunsuz ilhaqını bir daha qınayıb.