Ursula fon der Laien – Avropa İttifaqı münaqişələr, təbii fəlakətlər və digər qlobal böhranlar nəticəsində zərər çəkənlər üçün əlavə 710 milyon avro məbləğində yardım ayıracaq
Avropa İttifaqı münaqişələr, təbii fəlakətlər və digər qlobal böhranlar nəticəsində zərər çəkənlər üçün əlavə 710 milyon avro məbləğində yardım ayıracaq, – bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Laien bildirib.
“Münaqişələr, ekstremal hava şəraiti və yaşayış xərclərinin artması bütün dünyada çox sayda insanın həyatına mənfi təsir göstərir. Əgər birlikdə çalışsaq, dünyanı daha yaxşı bir yerə çevirə bilərik. Bugünkü yardım paketi ilə biz Afrikadakı məcburi köçkünləri, onların icmalarını, eləcə də onlara ev sahibliyi edən icmaları dəstəkləyəcəyik. Biz həmçinin Yaxın Şərq və Ukraynadakı müharibələrdən zərər çəkmiş insanlar üçün təcili yardımı artıracağıq. Mesajım sadədir: Avropa sizin yanınızda dayanır”, – fon der Laien bildirib.
Medianın məlumatına görə, təxminən 380 milyon avro Saharaaltı Afrikada miqrasiya ilə bağlı tədbirlərə sərf olunacaq. Bunlara ən çox həssas qruplardan olan miqrantların dəstəklənməsi, həmçinin onların vətənlərinə qayıtması və reinterqrasiyasına kömək edilməsi daxildir. 252 milyon avro aktiv silahlı münaqişələr, məcburi köçkünlük, epidemiyalar və təbii fəlakətlər nəticəsində zərər çəkmiş şəxslərə təxirəsalınmaz yardımın göstərilməsinə sərf olunacaq. Bu vəsaitdən 97 milyon avro Saharaaltı Afrika ölkələrinə, 103 milyon avro Fələstin ərazilərinə və Livana, daha 52 milyon avro isə qışa hazırlıq da daxil olmaqla Ukraynaya ayrılacaq.