Universitet küçəsində hər iki istiqamətdə nəqliyyatın hərəkəti bərpa edilib
Universitet küçəsində hər iki istiqamətdə nəqliyyatın hərəkəti bərpa edilib

 
Yeni abadlaşdırılan Universitet küçəsində hər iki istiqamətdə nəqliyyatın hərəkəti bərpa edilib. Paytaxtın meri Kaxa Kaladze müavini İrakli Bendeliani və Tbilisi sakrebulosunun sədri Qiorqi Tğemaladze ilə birlikdə abadlaşdırma işlərinin nəticələri ilə tanış olub.

“Universitet küçəsinin abadlaşdırılması başa çatdı. Nəqliyyatın məhdudlaşdırılmış hərəkəti bu gün hər iki istiqamətdə açıqdır və sərbəst hərəkət etmək mümkündür. Görüləsi az iş qalıb. Bu, səkilərin tam qaydasına salınması, yaşıllaşdırma işləridir – bütün küçədə mümkün olan hər yerdə yeni ağaclar və bitkilər əkilir. Bundan əlavə, zebra keçidlərinin çəkildiyi yerlər məhdud imkanlı şəxslər üçün uyğunlaşdırılır. Bu işlərə təxminən bir həftə vaxt lazım olacaq, lakin avtomobillərin hərəkəti açıqdır, sərbəst hərəkət etmək mümkündür. Bilirsiniz ki, bu layihə çərçivəsində ağır vəziyyətdə olan yeraltı kommunikasiyalar tamamilə dəyişdirilib. Yeni işıqlandırma şəbəkəsi qurulub, mövcud olmayan səkilər salınıb və artıq piyada şəkildə rahat hərəkət etmək də mümkün olacaq”- deyə Kaxa Kaladze açıqlayıb.

İnfrastrukturun İnkişafı Xidmətinin rəhbəri Qiorqi Abutidze, “Tbilservice Group”un rəhbəri Davit Pachulia və Vake rayonunun icra başçısı Davit Kvinikadze ərazidə olublar.

Tbilisi Meriyasının yaydığı məlumatda qeyd edildiyi kimi, küçədə bütün növ yeraltı rabitə şəbəkələri tamamilə dəyişdirilib və yenilənib; 2,5 kilometr uzunluğunda yolun hərəkət hissəsi bərpa edilib, bir neçə qat asfalt örtüyü salınıb; Müasir LED işıqlar quraşdırılıb; Dörd zolaqlı yol çəkilib və ictimai nəqliyyat üçün yeni gözləmə yerləri təşkil edilib; Səkilərin salınması işləri tamamlanır.

Paytaxt meriyasından açıqlandığı kimi, yolun təhlükəsizliyi üçün müəyyən yerlərdə yamacdan qoruyucu divarlar çəkilib. Sözügedən işlər paytaxt büdcəsindən 18 milyon lari ilə maliyyələşdirilib.