Ümumdünya Su-Bataqlıq Əraziləri Günü ilə əlaqədar Ətraf Mühitin Müdafiəsi və Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə tədbir keçirilib
Ümumdünya Su-Bataqlıq Əraziləri Günü ilə əlaqədar Ətraf Mühitin Müdafiəsi və Kənd Təsərrüfatı Nazirliyi və Növlərin Mühafizəsi üzrə Elmi-Tədqiqat Mərkəzi “Nakresi”nin təşəbbüsü ilə təhlükədə olan Quru və Dəniz Landşaftları Proqramının (ELSP) maliyyə dəstəyi ilə cari “Cavaxetinin su-bataqlıq ərazilərini bərpa edək “layihəsi çərçivəsində “Unikal Cavaxeti – su-bataqlıq ərazilər və insan rifahı” adlı tədbir keçirilib.
Tədbirin açılışını Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin müavini İuri Nozadze edib və bildirib ki, bu günün qeyd olunması cəmiyyətdə su-bataqlıq ərazilərin əhəmiyyəti barədə məlumatlılığın artırılmasına töhfə verir.
“Gürcüstan dünya ilə birlikdə Ümumdünya Su-Bataqlıq Əraziləri Gününü qeyd edir. Su-bataqlıq ərazilər həm ekosistemin qorunması, həm də yerli əhalinin rifahı baxımından böyük əhəmiyyət kəsb edir. Gürcüstan su-bataqlıq ərazilərlə zəngindir. Biz beynəlxalq əhəmiyyətli dörd su-bataqlıq ərazini tanıdıq. Ölkəmizin sərvətlərinin qayğısına qalmaq və qorunub saxlanması üçün ictimaiyyətin cəlb edilməsi, onların maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir, bu tədbir ona xidmət edib”- İuri Nozadze bildirib.
Tədbir çərçivəsində aşağıdakı mövzularda təqdimatlar edilib: Ramsar Konvensiyası – su-bataqlıq ərazilərin insanların rifahı üçün əhəmiyyəti; Quşlar və insanlar üçün Cavaxetinin su- bataqlıq ərazilərinin bərpası; Cavaxetinin mühafizə olunan əraziləri; Ekoturizm və yerli əhali; Cavaxetinin yaylası: Qlobal əhəmiyyətli su-bataqlıq ərazilər.
Hər il fevralın 2-də Ümumdünya Su-Bataqlıq Əraziləri Günü qeyd olunur. Beynəlxalq əhəmiyyətli, xüsusilə su quşlarının yaşayış yeri üçün münasib olan su-bataqlıq sahələri haqqında konvensiya 2024-cü il üçün mövzu olaraq “su-bataqlıq ərazilər və insan rifahı”nı müəyyən edib. Qeyd edək ki, Gürcüstan beynəlxalq əhəmiyyətli dörd su-bataqlıq ərazini tanıyıb: Kolxeti, Kobuleti, Buğdaşeni və Madatapanın “Ramsar saytları”. Ümumdünya Su-Bataqlıq Əraziləri Gününün qeyd edilməsi su-bataqlıq ərazilərin əhəmiyyəti haqqında ictimaiyyətin məlumatlılığının artırılmasına kömək edir, çünki bu gün də bütün dünyada su obyektləri aktiv şəkildə çirklənir, quruyur, qeyri-sabit kənd təsərrüfatı ilə məşğuliyyət nəticəsində azalır və s.
Ümumdünya Su-Bataqlıq Əraziləri Gününə həsr olunmuş tədbirdə Ətraf Mühitin Müdafiəsi və Kənd Təsərrüfatı Nazirliyinin, Mühafizə olunan Ərazilər Agentliyinin, Gürcüstanın Ekoturizm Assosiasiyasının, İlia Dövlət Universitetinin, elmi dairələrin və qeyri-hökumət sektorunun nümayəndələri iştirak ediblər.
Məlumatı Ətraf Mühitin Müdafiəsi və Kənd Təsərrüfatı Nazirliyi yayır.