Ümumdünya Səhiyyə Təşkilatı "Omikron"un yayılması fonunda ictimaiyyəti bayram tədbirlərini ləğv etməyə çağırır
Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun “Omikron” variantının yayılması fonunda ictimaiyyəti bayram tədbirlərini ləğv etməyə çağırır. Məlumatı “BBC” yayıb.
Ləğv edilmiş bir tədbir, yarıda qalmş həyatdan yaxşıdır” dedi Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adano Qebreusus. Təşkilat rəhbərinin qeyd etdiyi kimi, “çətin qərarlar” qəbul etmək lazımdır ki, bu da bəzi hallarda tədbirlərin ləğvi və ya təxirə salınması deməkdir.
“Biz hamımız bu pandemiyadan bezmişik. Hamımız dostlarımız və ailəmizlə vaxt keçirmək istəyirik. Hər kəs normal həyata qayıtmaq istəyir. Hamımız, liderlər və fərdlər üçün bunu etməyin ən sürətli yolu özümüzü və başqalarını qorumaq üçün məqbul olan çətin qərarlar qəbul etməkdir. Bəzi hallarda bu, tədbirləri ləğv etmək və ya təxirə salmaq deməkdir. İndi qeyd edib sonra yas tutmaqdansa, indi ləğv edib gec qeyd etmək daha yaxşıdır”, – Tedros Adano Qebreusus bildirib.
Qeyd edək ki, ABŞ-da koronavirusun “Omikron” variantı dominant elan edilib. Milli Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin məlumatına görə, 18 dekabr tarixinə ABŞ-da koronavirus infeksiyalarının 73 faizi Omikron olub.
Ümumdünya Səhiyyə Təşkilatı Omikron variantının Delta variantından daha sürətli yayıldığını bildirir.
Yeni variantın yayılması ilə əlaqədar bəzi ölkələr, o cümlədən Fransa və Almaniyaya səyahət və digər məhdudiyyətlər tətbiq edib. Hollandiyada isə Milad bayramı üçün sərt karantin elan edildi. Londonun Trafalqar meydanında Yeni il tədbiri ləğv edilib.