Ukraynanın Gürcüstandakı səfiri - danışıqlar vaxtı başa çatdı, mənim ölkəmdə müharibə başladı, bu gün biz başqa reallıqda yaşamağa başlamışıq
Bu gün səhər Rusiya Federasiyası Ukraynaya, mənim dövlətimə qarşı açıq təcavüz aktı həyata keçirdi, bu gün biz dünya nizamının, beynəlxalq hüququn, başqa ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmətin olmadığı bir reallıqda yaşamağa başlamışıq – bu barədə Ukraynanın Gürcüstandakı səfiri İqor Dolqov bildirib.
Onun sözlərinə görə, bütün dünyanın siyasi və diplomatik vasitələrlə Moskva ilə dialoq aparmağa çalışmasına baxmayaraq, Rusiya Federasiyası Ukraynaya qarşı açıq təcavüz aktı həyata keçirib.
“Bu gün səhər Rusiya Federasiyası Ukraynaya, mənim dövlətimə qarşı açıq təcavüz aktı həyata keçirdi. Rusiya Federasiyası öz qərarı ilə BMT Nizamnaməsinin bir çox müddəalarını, eləcə də Ukrayna ilə Rusiya Federasiyası arasında bütün ikitərəfli və çoxtərəfli sazişləri, Helsinki Yekun Aktını pozdu. Bu gün biz dünya nizamının, beynəlxalq hüququn, başqa ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmətin olmadığı bir reallıqda yaşamağa başlamışıq.
Sizə Kremlin ölümcül qərarlarının xronologiyası barədə məlumat verəcəm. Moskva Ukraynanın işğal olunmuş ərazilərinin bir hissəsinin müstəqilliyini tanıdı. Bu, Kremldə hazırlanmış ssenari üzrə aparılıb və hər kəsə aydındır. Əvvəlcə Rusiya Dövlət Duması Rusiya prezidentinə Ukraynanın işğal olunmuş ərazilərinin bir hissəsinin tanınması ilə bağlı müraciət etdi. Bundan sonra Moskvada Təhlükəsizlik və Müdafiə Şurasının iclası keçirildi və iclasda prezident Putinə bu bölgələri tanımaq tövsiyə olundu. Sonra Kremldə qondarma müstəqil dövlətlərlə razılaşmanın imzalanması keçirildi.
Moskvada bu əhvalatların baş verdiyi bir zamanda bütün dünya siyasi və diplomatik vasitələrlə Moskva ilə dialoq aparmağa çalışırdı. Xatırlatmaq istərdim ki, bu gün fevralın 24-də Rusiyanın xarici işlər naziri ilə ABŞ-ın xarici işlər naziri arasında görüş keçirilməli idi. Bu görüşdən sonra Rusiya və ABŞ prezidentləri arasında sammitin keçirilməsi razılaşdırılmışdı. Paralel olaraq, Putinin real ssenarisi hazırlanırdı. Bu qərara uyğun olaraq Putin əməliyyatı elan etdi. Qərar BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda iclası keçirildiyi vaxt verilib. Ukrayna bütün bu hadisələrin bizi nə qədər uzağa aparacağını gördüyü üçün bu iclasın keçirilməsini tələb etdi. Danışıqların vaxtı bitdi, mənim dövlətimdə müharibə başladı. Biz bütün məsələləri sivil yolla, eləcə də siyasi və diplomatiya yolu ilə həll etmək üçün inadla çalışırıq” – deyə İqor Dolqov bildirib.