Ukraynada səfərdə olan Hindistanın baş naziri Ukrayna və Rusiyanı danışıqlara başlamağa çağırıb
Ukraynada səfərdə olan Hindistanın baş naziri Ukrayna və Rusiyanı danışıqlara başlamağa çağırıb

Ukraynada səfərdə olan Hindistanın baş naziri Narendra Modi Kiyev və Moskvanı danışıqlara başlamağa çağırıb.

Baş nazirin dediyinə görə, münaqişəni yalnız dialoq yolu ilə həll etmək mümkündür. Bugünkü səfər həm Hindistan, həm də Ukrayna liderləri tərəfindən tarixi adlandırılıb.

Volodimir Zelenskinin dediyinə görə, Narendra Modi ilə söhbət zamanı Hindistanın Ukraynanın ikinci sülh sammitində iştirakı məsələsi qaldırılıb. Hindistan birinci sammitdə də iştirak edirdi, lhərçənd, yekun kommünikeni imzalamayıb.

Bununla yanaşı, liderlər tibb, kənd təsərrüfatı, humanitar və mədəniyyət sahələri olmaqla 4 fərqli sahədə əməkdaşlıq müqaviləsi imzalayıblar. Bundan əvvəl Narendra Modi və Volodimir Zelenski Ukraynada müharibə zamanı həlak olan uşaqların xatirəsini ehtiramla yad ediblər.

Məlumat üçün bildirək ki, Hindistanın baş naziri Narendra Modi Ukrayna səfərindən əvvəl Polşada olub. Bir neçə həftə əvvəl isə Hindistanın baş naziri Moskvaya səfər edib və orada Vladimir Putinlə görüşüb. Ukrayna prezidenti Narendra Modinin Rusiyaya səfərini “məyusedici” olaraq qiymətləndirib.