Ukrayna XİN Gürcüstan səfirinin çağırılması ilə bağlı məlumat yayır - Ukrayna tərəfi Saakaşvilinin müalicə məqsədilə köçürülməsi məsələsini dərhal müzakirə etməyə hazır olduğunu vurğulayıb
Ukrayna XİN Gürcüstan səfirinin çağırılması ilə bağlı məlumat yayır - Ukrayna tərəfi Saakaşvilinin müalicə məqsədilə köçürülməsi məsələsini dərhal müzakirə etməyə hazır olduğunu vurğulayıb

 
Gürcüstanın səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb və Tbilisiyə qayıtması xahiş olunub – bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi məlumatında deyilir.

Nazirliyin məlumatında həbsdə olan Ukrayna vətəndaşı Mixeil Saakaşvilinin vəziyyətinin pisləşməsi ilə əlaqədar səfir Qiorqi Zakaraşviliyə kəskin etirazın bildirildiyi deyilir.

“Gürcü diplomata Mixeil Saakaşviliyə qarşı belə münasibətin qətiyyən yolverilməz olduğu deyilib. Gürcüstan hakimiyyəti Ukrayna vətəndaşına qarşı alçaldıcı münasibətə son qoymalıdır. Bununla əlaqədar Gürcüstanın Ukraynadakı səfiri Qiorqi Zakaraşvili mövcud vəziyyətin həlli yollarını tapmaq məqsədilə məsləhətləşmələr üçün Tbilisiyə qayıtmağa çağırılıb”-deyə diplomatik departamentdə açıqlayıblar.

Ukrayna tərəfi Saakaşvilinin müalicə məqsədilə Ukraynaya köçürülməsi məsələsini dərhal müzakirə etməyə hazır olduğunu vurğulayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski dünən bildirib ki, Mixeil Saakaşvilinin Ukraynaya qayıtması ilə bağlı Tbilisidə məsləhətləşmələr aparmaq üçün Gürcüstan səfirindən 48 saat ərzində Ukraynanı tərk etməsini xahiş edir. Zelenskinin sözlərinə əsasən, Rusiya Ukrayna vətəndaşı Mixeil Saakaşvilini Gürcüstan hakimiyyətinin əli ilə öldürür.