Ukrayna Radasının və Xorvatiya parlamentinin sədrləri Krım Platforması sammitində iştirak etdiyinə görə Şalva Papuaşviliyə təşəkkür edirlər
Ukrayna Radasının və Xorvatiya parlamentinin sədrləri Krım Platforması sammitində iştirak etdiyinə görə Şalva Papuaşviliyə təşəkkür edirlər

 
Ukrayna Ali Radasının və Xorvatiya parlamentinin sədrləri Krım Beynəlxalq Platformasının birinci parlament zirvə toplantısında iştirak etdiyinə görə Gürcüstan parlamentinin sədri Şalva Papuaşviliyə təşəkkür edirlər.

Ruslan Stepançuk və Qordan İandrokoviçin məktubunun tərcüməsini Gürcüstan parlamentinin mətbuat xidməti yayır.

“Zati-aliləri, fürsətdən istifadə edərək, 2022-ci ilin oktyabrın 25-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş Krım Beynəlxalq Platformasının birinci parlament zirvə toplantısında iştirakınıza görə minnətdarlığımızı bildirmək istərdik.

Zirvə toplantısındakı çıxışınıza, eləcə də Zaqreb Milli və Universitet Kitabxanasının plenar salonunda digər parlamentarilərlə birlikdə səsinizi ucaltdığınıza, həm də yazılı bəyanatlara görə sizə təşəkkür etmək istərdik.

Əminik ki, dünyanın eşitməsi üçün verdiyimiz mesajlar : Rusiyanın Ukraynaya təcavüzünü pisləməkdə sarsılmaz birliyimiz, Ukrayna və Ukrayna xalqı ilə güclü həmrəyliyimiz, Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyimiz və Ukraynanı dəstəkləyən parlament mexanizmlərinin hazırlanması üçün açıqlığımız yüksək səslə eşidildi. Həmçinin sülh, demokratiya, qanunun aliliyi, insan hüquqları və əsas azadlıqlara hörmət kimi ümumi dəyərlərimizə sadiqliyimizi nümayiş etdirdik.

Eyni zamanda, zirvə toplantısı bizə Tanınmamaq Siyasətini dəstəklədiyimizi təsdiqləmək və Krım Muxtar Respublikasının, Sevastopol şəhərinin və Ukraynanın digər ərazilərinin müvəqqəti işğalını və qanunsuz ilhaqını bir daha pisləmək imkanı verdi. Zaqrebdə birgə qəbul etdiyimiz bəyannamədə açıq şəkildə qeyd olunur: bu, beynəlxalq təhlükəsizliyə qarşı birbaşa çağırışdır və bunun beynəlxalq hüquq nizamı üçün ağır nəticələri olacaq.

Hörmətli həmkarım, Zaqrebdəki zirvə toplantısı bizə Krım Beynəlxalq Platformasının məqsədlərini yerinə yetirməyə hazır olduğumuzu və onun parlament ölçüsünün inauqurasiyasını bir daha təsdiqləmək imkanı verdi. Əminik ki, sözügedən zirvə toplantısı Rusiyanın Krımı və Ukraynanın digər ərazilərini müvəqqəti işğal etməsinin yaratdığı mənfi nəticələrin aradan qaldırılması üçün birgə səyləri gücləndirmək istiqamətində bizə çoxlu imkanlar verəcək.

Səylərimizin Ukraynanın azad edilməsi ilə paralel gedəcəyinə qəti şəkildə inanırıq. Növbəti parlament sammitində iştirakınızı səbirsizliklə gözləyirik, onun dinc və azad Ukraynada keçiriləcəyinə böyük ümidimiz var”-deyə 31 oktyabr tarixli məktubda deyilir.