Üçüncü Şio – Min cür vəsvəsə inamı və dəyərləri əvəz etməyə çalışır, belə anlarda yaddan çıxarmamalıyıq ki, Tanrı sevgisi və ədaləti mahiyyəti dəyişməyən əxlaqi dəyərlərdir

12:57, 02.10.2026

Sizi Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700-cü ildönümü münasibətilə təbrik edirəm. Bu yubiley ilinin sevincini bizimlə bölüşən, müxtəlif ölkələrdən təşrif buyurmuş din xadimlərini, parlament nümayəndə heyətlərini, Avropa xristian kilsələrinin və beynəlxalq kilsə təşkilatlarının rəhbərlərini və nümayəndələrini salamlayıram, – bu barədə Gürcüstanın Katolikos-Patriarxı, müqəddəs və zati-aliləri Üçüncü Şio “Avropa sivilizasiyasının əsasları və Gürcüstanda Xristianlığın 1700 ili” adlı beynəlxalq konfransda çıxışında bildirib.

Onun sözlərinə görə, bugünkü konfrans görkəmli tarixi hadisəni yad etməklə yanaşı, gürcülərin çoxəsrlik xristianlıq yolunun, millətin simasını formalaşdıran və onun kimliyinin ən mühüm təməllərindən birinə çevrilən həmin o mənəvi və dövlətçilik irsinin əhəmiyyətini dərk etməkdir.

“1700 il əvvəl əcdadlarımızın qəbul etdiyi qəti qərar Gürcüstanın dünya sivilizasiyaları arasındakı layiqli yerini möhkəm şəkildə müəyyənləşdirdi. Hələ birinci əsrdə Rəbbin əbasına (Müqəddəs Xitona) sahib olmaqla və Gürcüstanın Möhtəşəm Müqəddəs Məryəm Ananın qismətinə düşən torpaq elan edilməsi ilə Məsih sevgisindən qaynaqlanan bu çoxəsrlik yolun təməli qoyuldu. Müqəddəs həvarilər Birinci Çağırışlı Andria, Svimon Kananeli və Maxatanın vəzləri ilə gürcü xalqı Məsihin nuruna qovuşdu, daha sonra, dördüncü əsrdə isə həvarilərə bərabər olan bakirə Ninonun fədakarlığı ilə millətimiz xalqımız Xilaskara olan imanı əbədi olaraq qəlbində yaşatdı. Xristianlıq təkcə insanın mənəvi həyatının deyil, həm də bütün ölkənin mədəni və ictimai təfəkkürünün müəyyənləşdiricisinə çevrildi. O, qədim və unikal mədəniyyətə malik gürcü xalqının dünyagörüşünü və milli-dini kimliyini formalaşdırdı. Bütün sonrakı gürcü ədəbiyyatı, incəsənəti, mədəniyyəti, təhsili və ictimai fikri məhz xristian kökləri üzərində cücərdi və inkişaf etdi.

Xristianlıq bizə saysız-hesabsız xadim və müqəddəslər, böyük və fədakar insanlar bəxş etdi. O vaxtdan bəri fırtınalı əsrlər keçdi, bir çox böyük və kiçik ölkələr yer üzündən silindi və zamanın axarında itdi, lakin Məsih inamı ilə qidalanan və xristian dəyərləri ilə silahlanan gürcü xalqı yenə də inancını, dilini və vətənini qoruyub saxlamağı bacardı. Xristian təfəkkürü və inamı Avropa sivilizasiyasına tamamilə fərqli bir mənəvi və əxlaqi məzmun qazandırdı. Ölkəmiz coğrafi mövqeyi və tarixi ilə qədim zamanlardan bəri müxtəlif mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində yerləşib. Gürcüstan əsrlər boyu Bizansın, xristian Şərqinin və Avropanın zəngin teoloji, intellektual və mədəni təfəkkürünün ümumi məkanında inkişaf edib. Bu əlaqə sayəsində gürcü xalqı bir tərəfdən öz kimliyini qoruyub saxlamış, eyni zamanda dünya xristianlığının mənəvi xəzinəsinə fərqlənən görkəmli töhfə verib.

Müasirlik bizi yeni çağırışlar qarşısında qoyur – müharibələr, qarşıdurmalar, ədavət və min bir cür vəsvəsə inamı və mənəvi dəyərləri əvəz etməyə çalışır. Belə anlarda yadda saxlamalıyıq ki, Tanrı və yaxın kəsə sevgi, mərhəmət, məsuliyyət, ədalət, tolerantlıq, insanlar arasında sülhə can atmaq, xristian təliminə əsaslanan və zamanın keçməsinə baxmayaraq mahiyyəti dəyişməyən mənəvi dəyərlərdir.

Bu konfrans çərçivəsində ailə institutu, ənənəvi dəyərlər kimi vacib dəyərlərə xüsusi diqqət yetirilməsi olduqca təqdirəlayiqdir. Ailə insanın sevgini, sədaqəti, məsuliyyəti, hörməti və başqalarının qayğısına qalmağı öyrəndiyi bir mühitdir. Ailə təkcə şəxsi məkan deyil, həm də əxlaqın və milli kimliyin təməlidir. Məhz ailənin sarsılmazlığı güclü və vahid dövləti şərtləndirir. Bu gün cəmiyyətin xüsusilə ehtiyacı var ki, kilsə, ictimai və dövlət institutları qarşılıqlı hörmət şəraitində bu cür mövzular ətrafında müzakirələr apara bilsinlər. Bu, müasir dünyanın üzləşdiyi ən mühüm məsələlər barədə xristian təliminin daha dərindən dərk edilməsinə, ailə institutunun dəstəklənməsinə və gələcək nəsillərə qarşı məsuliyyətin gücləndirilməsinə böyük töhfə verəcəkdir.

Arzu edirəm ki, konfransın işi məhz bu baxışla davam etsin və Gürcüstanın iyirmi əsrlik xristianlıq tarixinə malik bir ölkə kimi Avropa sivilizasiyasındakı yeri və əhəmiyyəti bir daha nümayiş etdirilsin. Tanrı sizi xeyir-dua ilə ucaltsın və sevindirsin. Sülh Tanrısı sizinlə olsun”, – deyə Üçüncü Şio bildirib.

Oxşar