Türkiyənin yeni təyin olunmuş səfiri Ali Kaan Orbay etimadnaməsinin surətlərini Laşa Darsaliaya təqdim edib
Türkiyə Respublikasının Gürcüstana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbay etimadnaməsinin surətlərini Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsaliaya təqdim edib. Darsalia səfiri Gürcüstanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, etimadnamələrin rəsmi təhvil verilməsi mərasimindən sonra ikitərəfli görüş keçirilib, görüş zamanı tərəflər Gürcüstan və Türkiyə arasında ikitərəfli münasibətlərin gündəliyində nəzərdə tutulmuş prioritetləri müzakirə edərək, gələcək əməkdaşlıq perspektivlərini müəyyən ediblər. Tərəflər Gürcüstan və Türkiyə arasında mövcud sıx əməkdaşlıq və strateji tərəfdaşlığın daha da dərinləşəcəyinə ümidvar olduqlarını bildiriblər. Türkiyə səfiri Türkiyənin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha təsdiqləyib.
Görüşün sonunda tərəflər Gürcüstan-Türkiyə münasibətlərinin daha da aktivləşdirilməsi üçün intensiv əməkdaşlıq barədə razılığa gəliblər.