Türkiyənin xarici işlər naziri, Ankaranın Avro-Atlantik siyasi və təhlükəsizlik strukturlarına inteqrasiya yolunda Gürcüstanı dəstəkləməyə davam edəcəyini bildirir
Türkiyənin xarici işlər naziri, Ankaranın Avro-Atlantik siyasi və təhlükəsizlik strukturlarına inteqrasiya yolunda Gürcüstanı dəstəkləməyə davam edəcəyini bildirir

 
Türkiyənin xarici işlər naziri Hakan Fidan Gürcüstanı Aİ üzvlüyünə namizəd statusu alması münasibətilə təbrik edib və bildirib ki, Ankara Avro-Atlantik siyasi və təhlükəsizlik strukturlarına inteqrasiya yolunda Gürcüstanı dəstəkləməyə davam edəcək. Bu barədə Hakan Fidan Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin Bakıda keçirilən üçtərəfli görüşündən sonra açıqlayıb. Məlumatı türk mətbuatı yayır.

Hakan Fidan Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsinin vacibliyini vurğulayıb.

O, üçtərəfli görüşdə Türkiyə tərəfinin bir daha Gürcüstan hökumətinin Abxaziya və Cənubi Osetiyadakı münaqişələrin sülh yolu ilə həllinə yönəlmiş siyasətini tam dəstəklədiyini bildirib.

Türk diplomat, nazirlərin görüşündə regiondakı yeni vəziyyət və əməkdaşlığın genişləndirilməsi yollarının müzakirə olunduğunu bildirib. O qeyd edib ki, tərəflər enerji və kommunikasiya sahələrində üçtərəfli əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər.

Hakan Fidanın qeyd etdiyi kimi, üçtərəfli danışıqlarda Bakı-Tbilisi-Qars dəmir yolunun tezliklə tam gücü ilə işə salınmasının vacibliyi vurğulanıb.

“Biz Qara dənizin bütün region üçün, ilk növbədə, təhlükəsizlik, iqtisadiyyat, enerji və nəqliyyat sahələrində strateji əhəmiyyətinə toxunduq. Biz konkret layihələr vasitəsilə regionda və onun hüdudlarından kənarda əməkdaşlığı gücləndirmək istəyimizi təsdiqləmişik”- Türkiyənin xarici işlər naziri açıqlayıb.