Türkiyənin Əməkdaşlıq və Koordinasiya Agentliyi gürcü yanğınsöndürənlərə yanğına davamlı geyimlər verib

 

Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinə Türkiyə səfirliyi və Türkiyənin Əməkdaşlıq və Koordinasiya Agentliyinin dəstəyi ilə yanğına davamlı yanğın-xilasetmə geyimləri verilib. Məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayır.

Qurumun məlumatında Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin ərazisində xüsusi geyimlərin təhvil verilməsi mərasiminin keçirildiyi deyilir.

Tədbirdə daxili işlər nazirinin müavini İoseb Chelidze, Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəhbəri Teimuraz Mğebrişvili, Türkiyə Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbay iştirak ediblər. Qonaqlar xüsusi avadanlıqlara baxış keçiriblər və onun xüsusiyyətləri ilə şəxsən tanış olublar.

Bununla yanaşı, mərasimdən sonra daxili işlər nazirinin müavini, Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəisi ilə Türkiyə səfiri arasında görüş keçirilib.

“Tərəflər qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüşdə gürcü xilasedici dəstənin rəhbərinə Türkiyə Prezidenti tərəfindən xüsusi mükafat olan “Üstün fədakarlıq ordeni”nin təqdim edilməsinə də toxunulub. Türkiyənin səfiri bir daha Gürcüstanın Daxili İşlər Nazirliyinə Türkiyədə həyata keçirilən xilasetmə missiyasına görə təşəkkür edib.

2018-ci ildə Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidməti ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar və Fövqəladə Halların İdarə Edilməsi Xidməti (AFAD) arasında fəlakət riskinin idarə edilməsi sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyan əməkdaşlıq memorandumu imzalanıb. O vaxtdan bəri iki ölkənin yanğın-xilasetmə xidmətləri həm fövqəladə hallar zamanı, həm də gürcü xilasedicilərinin hazırlanması istiqamətində aktiv əməkdaşlıq edirlər. Bu əməkdaşlıq çərçivəsində Gürcüstan və Türkiyədə bir sıra təlimlər və gürcü xilasedicilər üçün hazırlıq proqramları həyata keçirilib” -deyə Daxili İşlər Nazirliyinin məlumatında qeyd edilir.