Türkiyədə oteldə yanğın nəticəsində ölənlərin sayı 76-ya çatıb

10:21, 22.01.2025

Türkiyənin xizək kurortunda mehmanxanada baş verən yanğında ölənlərin sayı 76-ya çatıb, 51 nəfər yaralanıb. Bu barədə ölkənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.

Bolu vilayətində Kartalkaya istirahət mərkəzində 11 mərtəbəli otelin 4-cü mərtəbəsində yanğın baş verib. Yanğınsöndürənlər 10 saatlıq işdən sonra alovu söndürə biliblər.

Bolu əyalətinin valisi Əbdüləziz Aydının sözlərinə görə, yanğının səbəbi hələlik məlum deyil.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya davam edən istintaq çərçivəsində otel sahibi də daxil olmaqla ümumilikdə 9 nəfərin saxlanıldığını bildirib.

Yanvarın 22-si Türkiyədə matəm günü elan edilib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həlak olanların ailələrinə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb. O, cavabdehlərin məsuliyyətə cəlb olunması üçün bütün lazımi addımların atılacağını bildirib.

Hadisə Türkiyədə istirahət mövsümünə təsadüf edib və çoxlu sayda turist dağ kurortunu ziyarət edib. Hadisə zamanı oteldə 234 qonaq olub.

Oxşar