Türkiyə Xarici İşlər Nazirliyi - biz dost Qazaxıstanda sabitliyə böyük əhəmiyyət veririk, Qazaxıstan administrasiyasının böhrandan çıxacağına inanırıq
Türkiyə Cümhuriyyəti Qazaxıstanda baş verən prosesləri, o cümlədən enerji məhsullarının bahalaşması ilə bağlı kütləvi etirazlar nəticəsində yerli hökumətin istefasını diqqətlə izləyir və ölkədəki sabitliyi dəyərləndirir. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən yayılan məlumatda deyilir.
“Biz Qazaxıstanda 2022-ci il yanvarın 2-3-də başlayan etiraz aksiyalarını diqqətlə izləyirik. Biz dost Qazaxıstanda sabitliyə böyük əhəmiyyət veririk. Qardaş Qazaxıstan xalqına sülh arzulayırıq. Qazaxıstan administrasiyasının böhrandan çıxacağına inanırıq”, – məlumatda deyilir.
2009-cu ildə Türkiyə ilə Qazaxıstan arasında “Strateji Tərəfdaşlıq Müqaviləsi” imzalanıb və bu müqaviləyə əsasən Türkiyə Qazaxıstanın bölgədəki ən mühüm siyasi və iqtisadi tərəfdaşlarından biridir.
Tərəflər arasında ikitərəfli əlaqələrə ticarət, investisiya, mədəniyyət, turizm, səhiyyə, təhsil və hərbi məsələlər daxildir.