Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin ilk görüşü Moskvada keçiriləcək
Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin ilk görüşü Moskvada keçiriləcək

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərinə görə, Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin ilk görüşü Moskvada keçiriləcək.

Onun sözlərinə görə, hələlik tarix dəqiqləşdirilməyib. Çavuşoğlu, Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşünün dəqiq tarixinin telefon danışığı əsasında razılaşdırılacağını bildirir.

“Tərəflərin nümayəndələrinin ilk görüşü Moskvada keçiriləcək. Biz ilk görüşün keçirilməsinədək birbaşa əlaqə yaratmaq istəyirik. Münasibətlərin normallaşması üçün hansı addımların atılması ilə bağlı birbaşa təmaslar, o cümlədən ikitərəfli səfərlər yolu ilə yol xəritəsi müəyyən edilməlidir. Ermənistanın bu istiqamətdə işləmək istəyi var” – deyə Çavuşoğlu bildirib.

Bundan əvvəl Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın da Ermənistan Respublikası ilə bağlı məsələlərə münasibət bildirib.

O bildirib ki, Türkiyə və Ermənistan münasibətlərin normallaşması üçün ikitərəfli addımlar atırlar.

“Qafqazda Türkiyə ilə Ermənistan arasında münaqişə başa çatmaq üzrədir. Dağlıq Qarabağ bölgəsinin azad edilməsi ilə tarixdə yeni səhifə başladı” – deyə Kalın bildirib.

Onun sözlərinə görə, normallaşma prosesi dənizə çıxışı olmayan, iqtisadi cəhətdən zəif və Rusiyanın təsiri altında olan Ermənistana ən çox siyasi və iqtisadi faydanı verəcək.

Məlumat üçün bildirək ki, Türkiyə dekabrın 16-da Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıcı Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə, Ermənistan isə dekabrın 18-də Milli Assambleyanın sədr müavini Ruben Rubinyanı Türkiyə ilə dialoq üzrə xüsusi nümayəndə təyin edib.