Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Gürcüstanın ərazi sularına daxil olub
Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələrinə məxsus TCG YILDIRIM F-243 gəmisi Gürcüstanın ərazi sularına daxil olub.
Daxili İşlər Nazirliyinin yaydığı məlumat üzrə, DİN-in Sahil Mühafizəsi Departamentinin direktoru, birinci dərəcəli kapitan Ramaz Papidze, Acara Muxtar Respublikasının hökumət sədri Tornike Rijvadze və Batuminin meri Arçil Çikovani gəminin ekipaj üzvlərini Batumi limanında qarşılayıblar.
Daxili İşlər Nazirliyinin verdiyi məlumatda, tədbirdə Türkiyə Respublikasının Gürcüstandakı səlahiyyətli səfiri Ali Kaan Orbayın, Türkiyənin Batumidəki baş konsulu Rıza Kağan Yılmazın, Türkiyə Respublikasının hərbi attaşesi polkovnik İlhan Öktendural, Dəniz Nəqliyyatı Agentliyinin direktoru Aleksi Axvlediani və digər rəsmi şəxslərin iştirak etdiyi deyilir.
“Səfərin məqsədi NATO-nun əməliyyat imkanları konsepsiyasının qiymətləndirmə və əks əlaqə proqramı çərçivəsində, Gürcüstanın Sərhəd Polisinin Sahil Mühafizəsi Departamentinin “Oçamçire” və “Dioskuriya” gəmilərinin ikinci səviyyəli özünüqiymətləndirməsini (SEL-2) keçirməkdir. Sözügedən proses gürcü və NATO-nun hərbi-dəniz qüvvələri komandanlığının nümayəndələrinin (qiymətləndiricilərinin) dəstəyi ilə həyata keçirilir.
Səfər çərçivəsində Sahil Mühafizəsi Departamentinin rəhbərliyi türk gəmisinin komandanlığı ilə görüşəcək. Türkiyə gəmisinin göyərtəsində rəsmi qəbul təşkil olunacaq. Həmçinin ekipaj üzvləri üçün müxtəlif mədəni tədbirlər nəzərdə tutulub.
Türk gəmisi martın 10-da Batumi limanını tərk edəcək”- Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur.