Tinatin Ruxadze Gürcüstanın mədəniyyət və idman naziri vəzifəsini tutub.
Yeni mədəniyyət nazirini hökumət administrasiyasında keçirilən brifinqdə Gürcüstanın baş naziri İrakli Kobaxidze təqdim edib.
“Sizi Tinatin Ruxadzenin bioqrafik məlumatları ilə tanış etmək istərdim. 1989-cu ildən Gürcüstan Gənc Yaradıcılar İttifaqının direktor müavini, “Tbilisi konserti” kamera orkestrinin direktoru, sonralar “Mana” telefestivalının icraçı direktoru olub. O, “TBS TV”nin baş prodüseri, həmçinin Peyk Radio Verilişləri İstehsalçıları Şurasının aparat rəhbəri və prodüseri olub. O, “Melodi Art” MMC-nin direktor müavini və baş prodüseri, Vaso Abaşidze adına Musiqili Dram Teatrı Evinin baş direktoru, həmçinin təhsil və mədəniyyət üzrə müşaviri olub. Ona yeni vəzifəsində uğurlar arzulamaq istəyirəm”, – Kobaxidze bildirib.
Tinatin Ruxadze indiyədək Milli Sarayın direktoru vəzifəsini tutub.
“Gürcü arzusu” Tea Tsulukianinin namizədliyini seçki siyahısına təqdim etdikdən sonra mədəniyyət naziri postu boş qalıb.