Tianeti-Axmetanı birləşdirən yolun bərpası davam edir
Tianeti-Axmetanı birləşdirən yolun bərpası davam edir

 

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsi Tianeti-Axmeta ​​yolunun 30 km-lik hissəsinin bərpasını davam etdirir.

Avtomobil yolları idarəsindən verilən məlumatda, reabilitasiya aparılan hissənin Axmeta ​​və Tianeti munisipalitetlərini bir-biri ilə birləşdirdiyi deyilir.

“Hazırkı mərhələdə torpaq yatağının genişləndirilməsi, yamac dayaq qurğularının tikintisi, yol örtüyü konstruksiyasının qurulması və asfalt örtüyünün döşənməsi işləri davam etdirilir. Axmeta-Tianeti yolu İlto vadisinin kəndlərinin bir hissəsindən keçir və Kaxeti və Mtsxeta-Mtianeti bölgələrini birləşdirir. Yolun bərpası həm sosial-iqtisadi, həm də vadinin turistik inkişafı baxımından əhəmiyyətlidir.

Layihə çərçivəsində yol tam bərpa olunacaq, iki yeni körpü inşa ediləcək və bir mövcud körpü bərpa olunacaq. Həmçinin İlto çayının sahilbərkitmə işləri aparılacaq. Layihə Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilir və  dəyəri 12,1 milyon laridir. 2023-cü ilin mart ayına layihənin başa çatdırılması planlaşdırılır” – deyə Avtomobil Yolları İdarəsinin məlumatında deyilir.