“The Wall Street Journal” – ABŞ kəşfiyyat xidmətlərinin məlumatına görə, Vladimir Putin ehtimal ki, koloniyada Aleksey Navalnını öldürmək üçün birbaşa göstəriş verməyib
ABŞ-ın xüsusi xidmət orqanlarının məlumatına görə, Rusiya prezidenti Vladimir Putin ehtimal ki, müxalif siyasətçi Aleksey Navalnının koloniyada öldürülməsi ilə bağlı birbaşa göstəriş verməyib.
Bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadən yazır.
Hərçənd, media orqanı qeyd edir ki, o, müxalif siyasətçinin uzun illər təqib edilməsini, ona qarşı irəli sürülən siyasi motivli ittihamları və 2020-ci ildə əsəb pozucusu ilə zəhərlənməsini nəzərə alaraq, Navalnının ölümünə görə Rusiya liderini yekun məsuliyyətdən azad etmir.
Nəşrin məlumatına görə, bu nəticə ABŞ kəşfiyyatı, o cümlədən Mərkəzi Kəşfiyyat İdarəsi, Milli Kəşfiyyat Direktorunun Ofisi və Dövlət Departamentinin Kəşfiyyat Şöbəsi tərəfindən geniş şəkildə qəbul edilir.
ABŞ kəşfiyyat xidmətlərinin qiymətləndirilməsi müxtəlif məlumatlara, o cümlədən məxfi kəşfiyyat məlumatları və ictimai materialların təhlilinə əsaslanır.
Aleksey Navalnı fevral ayında 47 yaşında ciddi rejimli koloniyada vəfat edib. Müxalifətçinin müttəfiqləri onun qətlində Rusiya prezidentini günahlandırırlar.
Kremlin mətbuat katibi Dmitri Peskov The Wall Street Journal-ın məqaləsinə münasibət bildirib və məqalənin “boş spekulyasiyalar”dan ibarət olduğunu bildirib.
“Materialı gördüm, yüksək keyfiyyətli, diqqətə layiq material olduğunu deyə bilmərəm”, – deyə Peskov bildirib.