“The Times of India” nəşri Gürcüstanı beş ən yaxşı turizm istiqaməti sırasına daxil edib
Hindistanda ən reytinqli ingilisdilli nəşr olan “The Times of India” öz oxucularına Gürcüstana səyahət etməyi tövsiyə edir. Nəşr ən yaxşı beş turizm istiqamətinin adını açıqlayıb. Bu barədə Milli Turizm Agentliyi məlumat yayıb.
Səyahət siyahısında birinci yerdə Gürcüstandır. Nəşr Gürcüstanla yanaşı, oxuculara Butan, Şri-Lanka, Oman və Madaqaskara səyahət təklif edir.
“Avropa və Asiyanın qovşağında yerləşən Gürcüstan öz heyrətamiz təbiəti ilə fəxr edir, burada qarla örtülmüş Qafqaz dağları Qara dənizə qədər uzanır. Tbilisi öz tarixi memarlığı, müxtəlif bazarları və sənət şah əsərləri ilə səyahətçiləri valeh edir. Gürcüstanda siz qədim monastırlar kəşf edəcək, heyrətamiz şərab dadacaq və qonaqpərvər insanlarla tanış olacaqsınız”- “The Times of India” Gürcüstan haqqında yazır.
Milli Turizm Agentliyinin məlumatına görə, “The Times of India”nın dünya üzrə on milyonlarla oxucusu və abunəçisi var.