The Guardian” nəşrinin yazdığına görə, Fransa və Almaniya Avropanın ortaq döyüş təyyarəsinin hazırlanması layihəsinin həyata keçirilməsinə mane olub
Avropanın birgə döyüş təyyarəsi layihəsi dayandırılıb. Bu barədə The Guardian Almaniyanın yüksəkvəzifəli rəsmilərinə istinadən yazır.
Məlumata görə, Emmanuel Macron və Friedrich Merz layihədə iştirak edən şirkətlərin ortaq mövqedə razılığa gələ bilmədiyi qənaətinə gəliblər və bu səbəbdən layihənin davam etdirilməsinin mümkün olmadığı qərarına varıblar.
Söhbət 2017-ci ildə Emmanuel Makron və Almaniyanın o zamankı kansleri Angela Merkel tərəfindən başladılan Future Combat Air System (FCAS) proqramından gedir. Təxminən 100 milyard avro dəyərində olan layihənin məqsədi 2040-cı ilədək Fransanın Dassault Rafale qırıcılarını, eləcə də Almaniya və İspaniyanın istifadə etdiyi Eurofighter Typhoon təyyarələrini yeni nəsil döyüş təyyarələri ilə əvəz etmək idi.
Layihə illər ərzində Fransanın Dassault Aviation və Avropanın aerokosmik şirkəti Airbus arasında yaranan fikir ayrılıqları səbəbindən ləngiyirdi. Əsas mübahisələr layihənin idarə olunması, texnologiyalar üzərində nəzarət və əqli mülkiyyət hüquqları ilə bağlı idi. Bundan əlavə, Fransa və Almaniya gələcək təyyarənin konsepsiyası ilə bağlı da fərqli mövqelərə malik idilər.
Fransa vahid Avropa modelinin yaradılmasını dəstəkləyirdi. Almaniya isə hesab edirdi ki, onun hərbi ehtiyacları fərqlənir. Belə ki, Fransa hərbi aviasiyası nüvə silahı daşımaq və təyyarədaşıyan gəmilərdən fəaliyyət göstərmək imkanlarına malik təyyarələrə ehtiyac duyur.
The Guardian yazır ki, layihənin dayandırılması Avropanın müdafiə sahəsində əməkdaşlığına ciddi zərbə hesab olunur. Bu qərar xüsusilə Avropanın Rusiyadan qaynaqlanan təhlükələr və ABŞ dəstəyinin gələcəyi ilə bağlı artan qeyri-müəyyənlik fonunda öz müdafiə imkanlarını gücləndirməyə çalışdığı bir dövrə təsadüf edir.