Telavidə yeni hava limanının tikintisinə bu il başlanacaq və 2024-cü ilin yayında başa çatdırılacaq
Telavidə yeni hava limanının tikintisinə bu il başlanacaq. Bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında danışıb.
Baş nazir hökumətin bu gün məsələni müzakirə edəcəyini və təsdiqləyəcəyini bildirib.
“Bildiyiniz kimi, Telavidə tarixi aerodrom var idi və biz bu ərazidə yeni, müasir infrastruktur təşkil etmək və qurmaq, yeni Telavi hava limanını yaratmaq istəyirik. Bu ildən layihələndirməyə və tikintiyə başlayacağıq. Biz istəyirik ki, hava limanı 2024-cü ilin may-iyun aylarında ilk sərnişini qəbul etsin. Bu, çox yaxında bitəcək”- deyə İrakli Ğaribaşvili bildirib.
O, layihənin təxminən 25-30 milyon lariyə başa gələcəyini bildirib.
“Əsas ideya nədən ibarətdir: biz tamamilə yeniləyəcəyik, uçuş-enmə zolağı 1700 metrə qədər uzadılacaq, müasir naviqasiya sistemləri qurulacaq, bütün infrastruktur yenilənəcək və yeni parkinq yerləri, sərnişinlər üçün rahat yerlər yaradılacaq” – deyə Ğaribaşvili qeyd edib.
Hökumət başçısı Telavidə müasir hava limanının olacağını deyib.
“Bu o deməkdir ki, təkcə vətəndaşlarımız deyil, turistlər də gün ərzində Telavidən Batumi, Mestia, Ambrolauri, Kutaisiyə hərəkət edəcək, rahat şəkildə uça biləcəklər. Daxili reysləri, daxili aviasiyanı inkişaf etdirmək lazımdır. Bu məqsədlə hökumət bir neçə ildir yerli şirkətlərə kömək edirik və biz bu istiqaməti daha da genişləndirəcəyik” – deyə İrakli Ğaribaşvili deyib.
O, ölkədə ümumilikdə altı hava limanının olacağını bildirib.
“Telavi hava limanı turistlər, sakinlərimiz üçün əlavə cazibə yaradacaq. O, daha da rahat və hərəkət daha sürətli olacaq ” – deyə İ.Ğaribaşvili əlavə edib.