Telavidə yağan qar səbəbindən bələdiyyə nəqliyyatının hərəkəti məhdudlaşdırılıb
Telavidə yağan qar səbəbindən bələdiyyə nəqliyyatının hərəkəti məhdudlaşdırılıb.
Kaxeti üzrə dövlət nümayəndəsinin birinci müavini Platon Kalmaxelidzenin sözlərinə görə, meriyanın müvafiq xidməti tərəfindən xüsusi texnika səfərbər edilib və mərkəzi küçələr təmizlənir.
“Bölgədə ən çox yağıntı Telavidə olub. Əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ictimai nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb, lakin yollar təmizləndikdən sonra ictimai nəqliyyatın hərəkəti qismən bərpa olunacaq”, – deyə Kaxetidəki dövlət nümayəndəsinin birinci müavini Platon Kalmaxelidze bildirib.
Telavi-Qombori-Vaziani avtomobil yolunda bütün gecə intensiv qar yağıb. Aşırımdan keçməyə yalnız qış təkərləri olan avtomobillər üçün icazə verilir. Yolun sözügedən hissəsində nəqliyyatın hərəkətinə patrul polisi nəzarət edir.
Güclü yağıntı və şaxta səbəbindən yaranan buzla əlaqəli bəzi yerlərdə, bələdiyyələr arası birləşdirici yollarda müəyyən məhdudiyyətlər var.
Yol İdarəsi intensiv işləyir, yollara qum və duz tökülür.
Müəllif -
Mehemmed Bayramaliyev