Dünya təcrübəsini nəzərə alaraq, Səhiyyə Nazirliyi və Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi təcrid müddətinin azaldılmasını müzakirə edəcək, – Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin sədrliyi ilə Qurumlararası Koordinasiya Şurasının bugünkü video-konfrans formatındakı iclasında baş nazir qurumlara bununla bağlı tapşırıq verib.
Baş nazirin mətbuat xidmətindən verilən məlumata görə, şuranın üzvləri ölkədəki mövcud epidemioloji vəziyyəti müzakirə ediblər. Qeyd edilib ki, yoluxma hallarının 95%-i əsasən yüngül gedişatı ilə xarakterizə olunan “Omikron” ştamının payına düşür, müvafiq olaraq xəstəxanaya yerləşdirilmə göstəricisi ciddi şəkildə artmır. Pasiyentlərin əksəriyyəti evdə müalicə olunur və onların səhhətinə ailə həkimləri nəzarət edirlər.
Şuranın iclasında virusa yoluxma halında infeksiyasının yüngül gedişatı və xəstəxanaya yerləşdirilmənin qarşısını almaq üçün peyvəndləmənin və dırnaq arası gücləndirici peyvəndin vacibliyi bir daha vurğulanıb. Qurumlararası Koordinasiya Şurası bir daha vətəndaşları maska taxmağa, qüvvədə olan qaydalara əməl etməyə və insanların kütləvi şəkildə olduqları yerlərdən uzaq durmağa, virusun simptomlarının aşkarlanması fonunda isə evdə qalmağa çağırır.
Gürcüstanda koronavirusa ilk yoluxma halının qeydə alınmasından indiyədək 1 milyon 350 min 454 laboratoriyada təsdiqlənmiş virusa yoluxma faktı aşkarlanıb, onlardan 1 milyon 124 min 442 nəfər sağalıb, 15 min 300 nəfər isə dünyasını dəyişib. Bu mərhələdə kliniki mehmanxanalarda 1897, stasionarda isə 6082 şəxs var.
Gürcüstan parlamenti və Prezident Administrasiyası baş nazirin rəhbərlik etdiyi Qurumlararası Koordinasiya Şurasının işində fəal iştirak edir.