Təhsil Nazirliyi – Ekspertlərlə məsləhətləşmələr və məktəb icmasının iştirakı əsasında qəbul edilmiş qərara əsasən, Tbilisi 21 nömrəli dövlət məktəbində sentyabrın 28-dən tədris prosesi bərpa olunacaq
Qurumlararası formatda məsələnin müzakirəsi, ekspertlərlə məsləhətləşmələr və məktəb icmasının iştirakı əsasında qəbul edilmiş qərara əsasən, Tbilisi 21 nömrəli dövlət məktəbində sentyabrın 28-dən tədris prosesi bərpa olunacaq, – bu barədə Təhsil, Elm və Gənclər Nazirliyi məlumat yayır.
Onların məlumatına görə, Levan Samxarauli adına Məhkəmə Ekspertizası Milli Bürosundan alınan əlavə izahatlar əsasında məktəb binasında hazırkı mərhələdə həyata keçirilməsi zəruri olan tədbirlər dəqiqləşdirilib.
“Ekspertlərin tövsiyəsinə uyğun olaraq, fasaddakı zədələnmiş suvaq hissələrinin divarlardan təmizlənməsi və açıq qalan yerlərin yenidən suvanması nəzərdə tutulub. Həmçinin zirzəmi sahəsindəki çatlar yüksək möhkəmliyə malik qum-sement və ya polimer-sement məhlulu ilə doldurulacaq. Binanın vəziyyətinə istismar dövründə daimi nəzarət davam etdiriləcək.
Sözügedən işlər podratçı şirkət tərəfindən, Bələdiyyə İnkişaf Fondunun müvafiq səlahiyyətli mütəxəssislərinin ciddi texniki nəzarəti və monitorinqi altında yerinə yetiriləcək. Bununla yanaşı, işlərin gedişatı və icra keyfiyyəti üzərində fasiləsiz fərdi ekspert nəzarətini Levan Samxarauli adına Məhkəmə Ekspertizası Milli Bürosunun mütəxəssisləri həyata keçirəcəklər. İşlərin icrası zamanı şagirdlərin və məktəb heyətinin təhlükəsizliyi üçün zəruri olan bütün tədbirlərin görülməsi təmin ediləcək.
Əlavə təhlükəsizlik tədbirləri çərçivəsində, Gürcüstanın Elm və Təhsil Nazirliyinin Mandatur xidməti məktəbə əlavə heyət ayıracaq.
Bununla yanaşı, Təhsil Nazirliyi məktəb binasında növbəti genişmiqyaslı işlərin planlaşdırılması və həyata keçirilməsi üçün müvafiq alternativ məkan axtarışını davam etdirir.
Həm davam edən işlər, həm binanın vəziyyəti, həm də tədris mühitinin təhlükəsizliyi müvafiq qurumların daimi nəzarəti altında olacaq. Zərurət yarandığı təqdirdə, əlavə tədbirlər operativ şəkildə həyata keçiriləcək”, – deyə Təhsil Nazirliyinin məlumatında qeyd olunub.