Tea Axvlediani Türkiyə səfiri ilə tanışlıq xarakterli görüş keçirib
Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri Tea Axvlediani Türkiyə Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbay ilə tanışlıq xarakterli görüş keçirib. Məlumatı nazirliyin mətbuat xidməti yayır.
Nazirlikdən yayılan məlumatda, görüşdə dövlət nazirinin iki ölkə arasında strateji tərəfdaşlıq və sıx, dostluq münasibətlərini xüsusi vurğuladığı deyilir. Tea Axvlediani Türkiyənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi qəti dəstəyə görə səfirə təşəkkür edib. Görüşdə Dövlət Naziri Aparatının həm barışıq və iştirak, həm də vətəndaş bərabərliyi və inteqrasiya siyasəti istiqamətində mövcud prioritetləri, əldə edilmiş nəticələr və gələcək planları müzakirə edilib. Gürcüstanın işğal olunmuş bölgələrində humanitar və hüquqi vəziyyət və yerli əhalinin, xüsusilə Qali və Axalqori bölgələrində yaşayan etnik gürcülərin ayrı-seçkiliyə məruz qalması və digər fundamental hüquqların kobud şəkildə pozulması ətraflı şəkildə müzakirə edilib.
Barışıq və iştirak siyasətinin həyata keçirilməsindən danışarkən Tea Axvlediani səfirə sözügedən siyasətin strateji baxımdan üzərindən keçmə prosesinin gedişatı və baxışları barədə məlumat verib ki, bu da münaqişənin təsirinə məruz qalan əhalinin maraq və ehtiyaclarına uyğunlaşdırılmış yeni yanaşmalara, məqsəd və prioritetlərə əsaslanır. Vətəndaş bərabərliyi və inteqrasiya istiqamətində dövlət naziri hökumətin təsdiq etdiyi 2021-2030-cu illər üçün olan dövlət strategiyasını qeyd edib, sənəddə dövlət siyasətinin prioritetləri, məqsəd və vəzifələri müəyyən edilib.
Öz növbəsində, səfir Türkiyənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyib və dövlət nazirinin ofisi ilə bundan sonra da sıx əməkdaşlığa tam hazır olduğunu bildirib.