Tea Axvlediani müxtəlif ölkələrin BMT-dəki daimi nümayəndələri ilə görüşüb
Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani Karib Dənizi Hövzəsi və Afrika dövlətləri olan Sent-Lüsiya, Dominikan Respublikası, Liviya, Benin, Komor İttifaqı və Konqo Demokratik Respublikasının BMT-dəki daimi nümayəndələri ilə görüş keçirib.
Tea Axvlediani əcnəbi diplomatlara həm işğal olunmuş bölgələrə münasibətdə barışıq və iştirak, həm də etnik azlıqlara münasibətdə vətəndaş bərabərliyi və inteqrasiya baxımından dövlət siyasətinin prioritetlərini təqdim edib.
Dövlət naziri Gürcüstan hökumətinin sülh siyasətinin ayrı-ayrı ölçüləri haqqında danışıb. Gürcüstanın işğal olunmuş bölgələrində təhlükəsizlik, humanitar və insan hüquqları baxımından mövcud vəziyyətə, işğal xətti boyunca qanunsuz tikanlı məftillərin və digər süni maneələrin çəkilməsi prosesinə, sərbəst hərəkətə qoyulan məhdudiyyətlərə, qanunsuz saxlanılmalara, ana dilində təhsilin qadağan edilməsinə və yerli əhalinin digər fundamental hüquqlarının kobud şəkildə pozulmasına xüsusi diqqət yetirilib. Həmçinin dövlət naziri cari işğalın nəticələri nəzərə alınmaqla, məcburi köçkün və qaçqınların təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmasına bu vaxtadək imkan verilmədiyini qeyd edib.
Tea Axvlediani barışıq və iştirak siyasətinin həyata keçirilməsi prosesindən danışıb, o cümlədən bölgədə mövcud ağır humanitar və hüquqi vəziyyət şəraitində münaqişədən zərər çəkmiş əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq, eləcə də süni şəkildə parçalanmış cəmiyyət arasında ümumi maraqlara əsaslanan dialoq və etimadın bərpa olunmasının dərinləşməsinə xidmət edən “Daha yaxşı gələcəyə doğru addım” sülh təşəbbüsünə də toxunub .
Səfirlər, öz növbəsində, Gürcüstan hökumətinin sülh siyasətinə və onun həyata keçirilməsi təcrübəsinə böyük maraq göstəriblər və bu səylərdə dövlət nazirinin aparatına uğurlar arzulayıblar.
BMT-də akkreditə olunmuş daimi nümayəndələr 2023-cü ilin aprelin 30-dan mayın 5-i də daxil olmaqla Gürcüstanda səfərdədirlər.
Məlumatı Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin aparatı yayır.