Tea Axvlediani Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasının Məşvərət Komitəsinin monitorinq heyəti ilə görüşüb
Avropa Şurasının Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasının Məşvərət Komitəsinin monitorinq heyəti Gürcüstanda səfərdədir. Barışıq və Vətəndaş Bərabərliyi üzrə dövlət naziri Tea Axvledianinin rəhbərliyi ilə vətəndaş bərabərliyi və inteqrasiya dövlət siyasətinin həyata keçirilməsinə cavabdeh olan qurumların nümayəndələrinin iştirak etdiyi görüş keçirilib.
Dövlət naziri nümayəndə heyətinin üzvlərini vətəndaş bərabərliyi və inteqrasiya dövlət siyasətinin prioritetləri və vəzifələri ilə tanış edib. O, Çərçivə Konvensiyası üzrə götürülmüş öhdəliklərin yerinə yetirilməsi haqqında ətraflı müzakirə aparıb, dövlət tərəfindən həyata keçirilən fəaliyyətlərin konvensiyada nəzərdə tutulmuş standart və prinsiplərə uyğunluğu barədə hərtərəfli məlumat verib.
Məşvərət Komitəsinin nümayəndələri dövlət siyasətini həyata keçirən qurumlardan insan hüquqlarının müdafiəsi, ayrı-seçkiliyin qarşısının alınması, vətəndaş bərabərliyi və inteqrasiya istiqamətində hər bir sahədə dövlətin göstərdiyi səylər və əldə olunan nəticələr barədə ətraflı məlumat alıblar; Gürcüstana səfəri zamanı nümayəndə heyəti qeyri-hökumət təşkilatlarının və etnik azlıqların sıx məskunlaşdığı munisipalitetlərin yerli özünüidarəetmə orqanlarının nümayəndələri ilə də görüşüblər. Görüşlər zamanı alınan məlumatlar əsasında Gürcüstan üçün monitorinq hesabatı və qətnamə hazırlanacaq.
“Avropa Şurasının Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasının Məşvərət Komitəsinin səfəri ölkənin Konvensiya üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini qiymətləndirmək məqsədi daşıyır. Bu dəfə o, 2017-2021-ci illəri əhatə edir və beşillik monitorinq dövrü ərzində yalnız bir dəfə keçirilir. Müvafiq olaraq, etnik azlıqlara münasibətdə vətəndaş bərabərliyi və inteqrasiya dövlət siyasətinin həyata keçirilməsində iştirak edən bütün aidiyyəti dövlət qurumlarının iştirakı ilə bu gün keçirilən iclas olduqca mühüm əhəmiyyət kəsb edirdi; Monitorinqin nümayəndə heyətinin üzvlərinə ölkəmizin çoxmillətli cəmiyyətinin sonrakı inteqrasiyası və möhkəmlənməsi üçün açılan imkanlar və artıq əldə edilmiş nəzərəçarpacaq nəticələr və irəliləyişlər haqqında dolğun və hərtərəfli məlumat verdik və bununla da bir daha Gürcüstanın beynəlxalq mexanizmlər çərçivəsində üzərinə götürdüyü öhdəlikləri qətiyyətlə yerinə yetirməyə davam etdirdiyi təsdiqlənib” – deyə dövlət naziri Tea Axvlediani açıqlayıb.
Məlumatı Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirinin ofisi yayır.