Tea Axvlediani Birləşmiş Krallığın Gürcüstandakı səfiri Mark Kleyton ilə görüşüb
Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə dövlət naziri Tea Axvlediani Birləşmiş Krallığın Gürcüstandakı səfiri Mark Kleyton ilə görüş keçirib.
Dövlət naziri Birləşmiş Krallıq tərəfindən beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərilən sarsılmaz dəstəyə görə səfirə təşəkkür edib və münaqişənin sülh yolu ilə həllində, o cümlədən müharibə ilə bölünmüş cəmiyyətlər arasında etimadın bərpasını təşviq etməklə barışıq və cəlbetmə prosesində Böyük Britaniyanın mühüm rolunu vurğulayıb.
Tərəflər barışıq və cəlbetmə siyasətinin həyata keçirilməsi çərçivəsində Britaniya tərəfi ilə cari əməkdaşlıq məsələlərini,gələcək planları və təşəbbüsləri müzakirə ediblər. Beynəlxalq tərəfdaşların münaqişənin sülh yolu ilə həlli prosesinə aktiv şəkildə cəlb edilməsinin, o cümlədən münaqişədən zərər çəkmiş əhalinin fundamental hüquqlarının müdafiəsi baxımından əhəmiyyəti vurğulanıb. Öz növbəsində, Birləşmiş Krallığın səfiri dövlət nazirinə işğal olunmuş Abxaziya regionunda Britaniya tərəfinin maliyyə dəstəyilə həyata keçirilən və cari, eləcə də gələcək layihələr haqqında məlumat verib.
Tea Axvlediani münaqişə nəticəsində zərər çəkmiş əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, süni şəkildə parçalanmış cəmiyyət arasında ümumi maraqlara əsaslanan dialoqun və etimadın bərpasının dərinləşdirilməsi məqsədi daşıyan barışıq və cəlbetmə siyasətinin həyata keçirilməsində əldə olunan irəliləyişlər və gələcək perspektivlər barədə səfirə məlumat verib.
Birləşmiş Krallığın səfiri Gürcüstan hökumətinin səylərini müsbət qiymətləndirərək, dövlət nazirinə barışıq və cəlbetmə siyasətinin həyata keçirilməsi istiqamətində hərtərəfli dəstək vəd edib.
Tərəflər sıx əməkdaşlığı davam etdirmək barədə razılaşıblar.
Məlumatı Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirinin Aparatı yayır.